Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Qazaxıstan arasında ticarət əməliyyatlarının həcmi 568,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 370,3 milyon ABŞ dolları və ya 2,9 dəfə çoxdur.
Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Qazaxıstana 70,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 milyon ABŞ dolları və ya 21,8% azdır.
Eyni zamanda, hesabat dövründə Qazaxıstandan Azərbaycana 497,7 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 389,9 milyon ABŞ dolları və ya 4,6 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Qazaxıstan Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.
Dövr ərzində Azərbaycandan sözügedən ölkəyə ümumi ixracın 70,2 milyon ABŞ dollarlıq hissəsini qeyri-neft məhsullarının ixracı təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 21% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.