Bakı. Trend:
Bu ilin noyabr ayında “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına başlanacaq.
Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.
Qeyd edilib ki, “yaşıl enerji” dəhlizi üzrə işlər ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin imzalanması ilə başlandı: “Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri ilə uzlaşan “Transxəzər Enerji Dəhlizi” tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə qərargahı Bakıda yerləşən “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edilib və şirkət seçimi tamamlandıqdan sonra noyabr ayında Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankının maliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq”.