...

Qazaxıstan və Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır - Ekspert

Siyasət Materials 20 Oktyabr 2025 19:00 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır - Ekspert
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan bütün regionda əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır.

Bunu Trend-ə Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun eksperti Əminə Kosbayeva bildirib.

“Prezident İlham Əliyevin Qazaxıstana səfəri ikitərəfli münasibətlərə yeni təkan verə bilər. Qazaxıstan və Azərbaycan təkcə qarşılıqlı tərəfdaşlığın inkişafında deyil, həm də bütün regionda əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsində növbəti mühüm addımı atır”, - deyə o qeyd edib.

Kosbayeva vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər hazırda inkişafının ən yüksək mərhələsindədir. Qazaxıstan və Azərbaycan ümumi tarix, mədəni yaxınlıq və geosiyasi maraqların uyğunluğu əsasında dayanıqlı strateji tərəfdaşlıq qurublar.

“Son illər dövlətlər arasında qarşılıqlı əlaqə nəzərəçarpacaq dərəcədə güclənib. Ali səviyyəli mütəmadi səfərlər, parlamentlərarası dialoqun fəallaşması və birgə layihələrin sayının artması münasibətlərə yeni dinamika qazandırıb. Xüsusilə ticarət dövriyyəsinin və nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı diqqəti cəlb edir: son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 6 dəfə artıb”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu fakt hər iki ölkənin Avrasiya nəqliyyat sisteminin əsas halqaları kimi potensialını aydın şəkildə nümayiş etdirir. Əhəmiyyətli addımlardan biri də 300 milyon ABŞ dolları həcmində birgə Birbaşa İnvestisiya Fondunun yaradılması olub ki, bu da biznes əməkdaşlığı üçün yeni imkanlar açıb.

“Xüsusi diqqətəlayiq məsələ isə Avropa ilə Asiyanı birləşdirən ən perspektivli marşrutlardan biri olan Orta Dəhlizin inkişafıdır. Bu dəhlizin üstünlüklərinə coğrafi baxımdan kompaktlıq, siyasi sabitlik və çatdırılma müddətlərinin əhəmiyyətli dərəcədə qısa olması daxildir. Qazaxıstan və Azərbaycan bu layihənin əsas hərəkətverici qüvvələri kimi çıxış edir, onu regional təşəbbüsdən qitə miqyaslı marşruta çevirirlər”, - deyə Kosbayeva qeyd edib.

Ekspertin fikrincə, Qazaxıstan üçün Zəngəzur dəhlizi də mühüm rol oynaya bilər. Bu dəhliz Xəzəri Türkiyə ilə birləşdirərək türk dövlətlərinin nəqliyyat əlaqəliliyini gücləndirəcək. Onun sözlərinə görə, bu marşrut region ölkələrinin Avrasiya kommunikasiya sistemindəki mövqelərini möhkəmləndirərək bölgəni daha çox inteqrasiya olunmuş və logistik cəhətdən şaxələnmiş hala gətirməyə qadirdir.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da az əhəmiyyətli istiqamət deyil. Qazaxıstan və Azərbaycan bu birliyin iqtisadi və siyasi məzmununu formalaşdıran mərkəzi iştirakçılardır. Orta Dəhlizin, enerji və humanitar layihələrin inkişafı istiqamətində birgə fəaliyyət bütün region ölkələrinin əməkdaşlığını möhkəmləndirir”, – deyə o əlavə edib.

Kosbayeva onu da qeyd edib ki, qarşıdakı Qazaxıstan-Azərbaycan biznes forumu da səmərəli əməkdaşlıq üçün mühüm platformaya çevriləcək. Bu forum biznes dairələri arasında birbaşa dialoq imkanı yaradacaq və siyasi razılaşmaların konkret investisiya layihələrinə çevrilməsinə şərait yaradacaq. Ekspertin fikrincə, forumda xüsusilə logistika, rəqəmsallaşma, kənd təsərrüfatı sektoru və “yaşıl” enerji sahələrinə xüsusi diqqət yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti