Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası iarasında vergi məlumatlarının mübadiləsi və risk əsaslı yanaşmaların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) nümayəndə heyəti ilə görüş keçirilib. Səfər “Sərhədsiz Vergi Müfəttişləri” layihəsi çərçivəsində baş tutub.
DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən təşkil olunmuş görüşdə yerli vergi orqanlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə vergi tətbiqi və nəzarəti sahəsində praktiki məsələlər, qlobal vergi siyasətinə uyğunluğun təmin olunmasına yönəlmiş strategiyalar, eləcə də vergi məlumatlarının mübadiləsi və risk əsaslı yanaşmaların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
“Sərhədsiz Vergi Müfəttişləri” layihəsi vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Layihə çərçivəsində ölkələr arasında vergi idarəçiliyi təcrübələrinin mübadiləsi, birgə təlimlərin təşkili, qabaqcıl metodologiyaların tətbiqi, vergi prosedurlarının inteqrasiyası və beynəlxalq vergi standartlarının reallaşdırılması üçün praktik fəaliyyətlər həyata keçirilir.