Bakı. Trend:
İyunun 23-24-də Bakının Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək.
Qeyd edək ki, AYNA-nın verdiyi məlumata görə, yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ( “Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək.
AYNA-nın Mətbuat Xidmətindən bildirilib ki, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq. O da qeyd olunub ki, digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.
