Azərbaycanın Suriyaya təbii qaz ixracından gəliri açıqlanıb

Energetika Materials 22 İyun 2026 19:32 (UTC +04:00)
Azərbaycanın Suriyaya təbii qaz ixracından gəliri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 107,535 milyon ABŞ dolları dəyərində 321,933 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Ümumilikdə, bu ilin ilk 4 ayında Azərbaycandan 8 ölkəyə 2 milyard 535,8 milyon ABŞ dolları dəyərində 8,416 milyard kubmetr qaz halında təbii qaz ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz (qaz halında) ixracının dəyəri 529,7 milyon ABŞ dolları və ya 17,3% azalıb, həcmi isə 256,3 milyon kubmetr və ya 3,1% artıb.

2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Azərbaycanın qaz ixracının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və ölkə boru kəmərləri vasitəsilə qaz təchizatı coğrafiyasına görə dünyada birinci yerdədir.

Türkiyə–Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov layihəni dörd ölkənin siyasi iradəsinin nəticəsi kimi qiymətləndirib.

"Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir. Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına bu gün start verilir. Bu layihə Azərbaycan, Türkiyə, Qətər və Suriya rəhbərlərinin siyasi iradəsi və iqtisadi əməkdaşlığının nəticəsidir. İnanırıq ki, bu təchizat Suriyada iqtisadiyyatın və insanların həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcək", – deyə nazir bildirib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə qeyd edib ki, yaradılmış infrastruktur ilk mərhələdə Suriyaya ildə 2 milyard kubmetrədək təbii qaz ixrac etməyə imkan verəcək.

"Bu gün Azərbaycandan gələn təbii qazı Kilis üzərindən Suriyaya ötürürük. Bu qaz hesabına təxminən 1 200 meqavat gücündə elektrik stansiyaları fəaliyyət göstərəcək və 5 milyon evin elektrik enerjisinə olan tələbatının ödənilməsinə töhfə verəcək", – deyə o vurğulayıb.

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir də layihənin iki ölkə arasında əməkdaşlığın başlanğıcı olduğunu bildirib.

"Bu sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq. Azərbaycanla texniki əməkdaşlığın genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi barədə razılığa gəlmişik", – deyə nazir bildirib.

Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti isə Trend-ə eksklüziv müsahibəsində Azərbaycanın layihədəki rolunu yüksək qiymətləndirib.

"Bu gün Suriyaya ilk qaz tədarükünə başladıq. Bu, Azərbaycan, Türkiyə və Qətərin uğurlu əməkdaşlığının nəticəsidir. Azərbaycanın bu prosesdəki rolunu yüksək qiymətləndiririk və bu tərəfdaşlığın gələcəkdə daha da genişlənməsini istəyirik", – deyə o Trend-ə bildirib.

Energetika naziri Pərviz Şahbazov da vurğulayıb ki, Azərbaycan son illərdə ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib.

"2021-ci ildən etibarən Avropaya təbii qaz tədarükünü 56 faizdən çox artırmışıq. Hazırda Azərbaycan qazı Almaniya, Avstriya və Suriya da daxil olmaqla ümumilikdə 16 ölkəyə ixrac edilir ki, onların 10-u Avropa İttifaqının üzvüdür", – deyə nazir bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti