Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 5,339 milyon ton neft və bitumlu süxurlardan əldə olunan neft məhsulları 3,021 milyard ABŞ dolları dəyərində ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasında bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 67 milyon ABŞ dolları və ya 2,2 faiz, həcm ifadəsində isə 392 min ton və ya 6,8 faiz azdır.
Belə ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 5,731 milyon ton neft və bitumlu süxurlardan alınan neft məhsulları 3,088 milyard ABŞ dolları dəyərində ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 8,828 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları 5,121 milyard ABŞ dolları dəyərində ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, həcm ifadəsində isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Beləliklə, bu ilin yanvar-may aylarında Azərbaycan neftinin ən böyük idxalçısı İtaliya olub. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.
Trend-ə eksklüziv müsahibəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli bildirib ki, yüksək səviyyəli məhsuldar siyasi dialoq fonunda ikitərəfli əməkdaşlığın dərinləşməsi İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın daha da genişlənməsi, eləcə də iqtisadi əlaqələrin strateji neft-qaz sektorundan kənarda şaxələndirilməsi üçün əlverişli şərait yaradır.
Onun sözlərinə görə, İtaliya Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) yerli bazarda investisiya imkanlarından istifadə etmək marağını alqışlayır.
“Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik infrastrukturdur. Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildikdən sonra Trans-Adriatik boru kəməri (TAP) artıq İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib”, - deyə o qeyd edib.
Həmçinin qeyd edək ki, İtaliyanın Baş naziri Corcia Meloni mayın 4-də Azərbaycana səfərinin yekunları ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edərək, ölkəsinin Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığı möhkəmləndirmək niyyətində olduğunu bildirib.
“Məqsəd enerji, təhlükəsizlik, qarşılıqlı bağlantı, investisiyalar və siyasi dialoq sahələrində Azərbaycanla artıq mövcud olan əməkdaşlığı daha da gücləndirmək, onu tədricən xalqlar üçün konkret imkanlara çevirməkdir. Mürəkkəb proseslərin baş verdiyi bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”, - deyə o yazıb.
