Bakı. Trend:
Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində özəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su elektrik stansiyasının (KSES) tikintisi davam edir, 2026-cı ildə isə 5 əlavə stansiyanın istifadəyə verilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.
Qeyd edilib ki, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender prosesinə hazırlıq görülür: “Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatması gözlənir, bu isə daxili tələbatdan iki dəfə artıq enerjinin “Cəbrayıl” enerji qovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasına yol açacaq”.
Vurğulanıb ki, su elektrik stansiyaları bölgənin “təmiz enerji” təminatının əsas mənbəyidir: “Ötən il istehsal olunan 573 milyon kilovat/saat elektrik enerjisinin 40 faizi regionun daxili tələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülüb. Su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt gücündə 38 stansiya istismara verilib. Bu, il ərzində 800 milyon kVt·saatdan çox “yaşıl enerji”nin istehsalı, 200 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, istixana qazı emissiyalarının isə 400 min tondan çox azalması deməkdir”.