Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya 72,1 milyon ABŞ dolları dəyərində 130,9 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
Trend Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 89,6 milyon dollar və ya 2,2 dəfə, həcm baxımından isə 146,1 min ton və ya 52,7 faiz azdır.
Ötən ilin ilk doqquz ayında Azərbaycandan İndoneziyaya 161,7 milyon ABŞ dolları dəyərində 277 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları məbləğində 16,996 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.
Məlumatlara əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, təbii ifadədə isə 613 min ton və ya 3,5 faiz azdır.