Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və şaxələndirilməsi üçün yeni təkan olacaq.
Bunu Trend-ə Qazaxıstanın Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin dosenti, qazaxıstanlı politoloq Ayqerim Jampetova deyib.
“Bu səfərin nəticələrinə əsasən, nəqliyyat-logistika, enerji, sənaye və aqrar-sənaye sahələrində əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir. Qazaxıstan və Azərbaycan artıq Orta Dəhlizin inkişafı istiqamətində fəal şəkildə qarşılıqlı fəaliyyət göstərirlər. Bu çərçivədə dəhlizin buraxıcılıq qabiliyyətinin artırılmasına, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsinə, eləcə də birgə logistika operatorlarının yaradılmasına xüsusi diqqət yetirilir. Çünki müəyyən əngəllər mövcuddur və ölkələr marşrutun səmərəliliyini artırmaq məqsədilə onların aradan qaldırılması üçün səylər göstərirlər”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, energetika sahəsində, o cümlədən “yaşıl” texnologiyaların və bərpaolunan enerji mənbələri üzrə layihələrin inkişafında əhəmiyyətli potensial qalmaqdadır. Xüsusi diqqət aqrar-sənaye kompleksinə yönəldilir, belə ki, bu sahədə ölkələr kənd təsərrüfatı məhsullarının tədarükünü artırmaq üçün imkanlar görürlər.
Məsələn, bu il Qazaxıstan Azərbaycan bazarına əsas taxıl tədarükçüsünə çevrilərək, ümumi idxalın təxminən 85 faizini təmin edib. Bundan başqa, rəqəmsallaşma sahəsində əməkdaşlıq da genişlənir, elektron xidmətlər və elektron ticarət üçün birgə platformaların yaradılması istiqamətində işlər aparılır.
“Qazaxıstan və Azərbaycan arasında müasir münasibətləri uzunmüddətli dostluq və qarşılıqlı etimada əsaslanan sabit strateji tərəfdaşlıq kimi səciyyələndirmək olar. Xalqlarımızı ortaq tarixi köklər, dil, din və dəyərlər birləşdirir ki, bu da qarşılıqlı əməkdaşlıq üçün təbii əsas yaradır. Diplomatik münasibətlərin əsası 1992-ci ilin avqustunda qoyulub və o vaxtdan bəri dinamik şəkildə inkişaf etməkdədir”, - deyə o bildirib.
Jampetova qeyd edib ki, 2004-cü ildə Astanada Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin, 2005-ci ildə isə Bakıda Strateji Tərəfdaşlıq və Müttəfiqlik haqqında Müqavilənin imzalanması bu istiqamətdə mühüm addımlar olub.
“Bu gün əməkdaşlıq siyasət və iqtisadiyyatdan tutmuş nəqliyyat, logistika, investisiyalar, mədəni və humanitar mübadilələrədək geniş sahələri əhatə edir. Xüsusi əhəmiyyətə malik istiqamətlərdən biri beynəlxalq təşkilatlar və regional təşəbbüslər çərçivəsində səylərin əlaqələndirilməsidir. Buraya Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və digər platformalar daxildir. Qazaxıstan və Azərbaycan ardıcıl şəkildə ölkələrinin Avrasiya məkanında logistika və enerji sahəsində əsas həlqələr kimi rolunu möhkəmləndirirlər”, – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, son illər Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Əsas nailiyyətlərdən biri ticarət-iqtisadi əməkdaşlığın möhkəmlənməsidir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da fəal inkişaf edir, burada hər iki ölkə Orta Dəhlizin inkişafı istiqamətində səylərini əlaqələndirir, Aktau, Kurık və Bakı limanlarının müasirləşdirilməsi, eləcə də birgə logistika operatorlarının yaradılmasını həyata keçirirlər”,- deyə politoloq əlavə edib.
Jampetova vurğulayıb ki, mühüm istiqamətlərdən biri enerji əməkdaşlığıdır, xüsusilə də Qazaxıstan neftinin Azərbaycan infrastrukturu (Bakı–Tbilisi–Ceyhan neft kəməri) vasitəsilə nəql olunması bu baxımdan əhəmiyyətlidir.
Onun sözlərinə görə, ölkələr arasında investisiya və sənaye əməkdaşlığında da artım müşahidə olunur. Bundan əlavə, mədəni-humanitar sahədə də fəal əməkdaşlıq davam edir. 2023-cü ildə Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri keçirilib. Bütün bunlar Astana və Bakı arasındakı tərəfdaşlığı kompleks və uzunmüddətli xarakterə malik edir.
“Qlobal logistika marşrutlarının yenidən formalaşması fonunda bu gün Orta Dəhlizin potensialı əhəmiyyətli dərəcədə artır. Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və oradan da Avropaya uzanan bu nəqliyyat xətti Şimal marşrutuna alternativ kimi getdikcə daha çox tələbat qazanır. Marşrutun keçdiyi ölkələr infrastrukturun müasirləşdirilməsi sayəsində Orta Dəhlizi Asiya və Avropa arasında əsas tranzit marşrutuna çevirmək gücünə malikdirlər. Son illər ərzində ölkələr fəaliyyətlərini daha sıx əlaqələndiriblər, dəhlizin inkişafı üzrə ‘yol xəritələri’ imzalanıb, limanlar yenilənir, yeni logistika mərkəzləri yaradılır”,- deyə o bildirib.
Ekspert əlavə edib ki, Qazaxıstan və Azərbaycan Orta Dəhlizin inkişafında strateji mərkəzlər rolunu oynayır. Uğurlu coğrafi mövqe və infrastruktur sahəsindəki investisiyalar sayəsində hər iki ölkə Avropa və Asiya bazarlarını birləşdirən yeni Avrasiya nəqliyyat marşrutunun formalaşmasında əsas iştirakçılara çevrilib.
O, 2022-ci ildə Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin 2022–2027-ci illəri əhatə edən Orta Dəhlizin inkişafı və istismarı üzrə “Yol Xəritəsi”ni imzaladıqlarını xatırladıb. Sənəd infrastrukturun müasirləşdirilməsi, logistika sahəsində dar boğazların aradan qaldırılması və gömrük prosedurlarının təkmilləşdirilməsi üzrə əlaqələndiirlmiş tədbirləri nəzərdə tutur.