Bakı. Trend:
Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlik edib.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
İclasda çıxışı zamanı spiker Sahibə Qafarova bu görüşlərin qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, əlaqələndirici görüşlər, xüsusilə belə həssas vaxtlarda vacib əhəmiyyət kəsb edən mühüm beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılmasında APA-nın əhəmiyyətli potensialından tam istifadə etmək üçün əla imkan yaradır. Gələn il Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunacağını söyləyən Milli Məclisin sədri, ötən dövrdə Assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyini bildirib. Onun sözlərinə görə, bu qurum üzv ölkələrin parlamentlərini öz çətiri altında birləşdirir, onların səsini eşitdirir və ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.
Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən
bəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova bildirib
ki, bu müddət ərzində Assambleya çərçivəsində əməkdaşlıq və
dialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib.
Azərbaycan birgə işin daha da gücləndirilməsi - APA-nın
institusional potensialının inkişafı, sıralarının
genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması
ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdə
təşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının Şura
Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli
Assambleyasının Respublika Şurası müşahidəçi statusu qazanıb,
APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayı
artırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına
müşahidəçi statusu verilib.
Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə APA büdcəsinin
formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu da
Assambleyanın imkanlarının daha da gücləndirilməsi və artırılması
üçün çox vacibdir.
Milli Məclisin sədri çıxışında həmçinin deyib ki, dünyamızın üzləşdiyi problemlərin miqyası kollektiv tədbirlər və birgə səylər olmadan onların öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu göstərir. Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşma bunu bir daha nümayiş etdirdi. O, ümidvar olduğunu bildirib ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona ədalətli və davamlı sülh gətirəcək.
Spiker Sahibə Qafarova xatırladıb ki, gələn il Bəhreyn Krallığı
APA-ya sədrlik edəcək. O, inamını ifadə edib ki, Bəhreynin
rəhbərliyi altında Assambleya bütün Asiyada parlamentlərarası
əməkdaşlığı gücləndirməyə davam edəcək və ümumi məqsədlərə uyğun
olaraq qitəmizdə sülhün, həmrəyliyin və davamlı inkişafın təşviqinə
töhfə verəcək.
Sonra iclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam
edib.