Bakı. Trend:
1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya
Osteoporozla Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostika
və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti
məlumatlandırmaq məqsədilə təsis edilib.
Osteoporozun yaranma səbəbləri, növləri və əlamətləri, onun
müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini
– baş həhim Nizami Məmmədov Nazirliyin rəsmi saytına verdiyi
müsahibədə aydınlıq gətirir.
Trend həmin müsahibəni təqdim edir:
– Nizami müəllim, ilk öncə bilmək istərdik ki, osteoporoz nədir?
– Osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalması
ilə xarakterizə olunan, sümükləri zəif və kövrək edən metabolik
xəstəlikdir. Bu xəstəlik zamanı sümükdə mineral komponentlərin
miqdarı azalır, həm də onun mikroarxitekturası pozulur. Nəticədə,
sümük mexaniki gücünü itirir və minimal travma ilə belə sınıq baş
verə bilir. ÜST-nin tərifinə görə, osteoporoz sistemli sümük
xəstəliyi olub, əsas klinik əlaməti az travmalı və ya heç travma
olmadan baş verən sınıqlardır.
Bu xəstəliyin cəmiyyət üçün təhlükəsi onun uzun illər simptom
verməməsi, yalnız sınıq baş verdikdə özünü göstərməsi və artıq gec
mərhələdə aşkar olunması ilə bağlıdır. Ona görə də, osteoporoz
tez-tez “səssiz epidemiya” adlandırılır.
– Doktor, bu xəstəlik kimlərdə daha çox rast gəlir?
– Osteoporoz qadınlarda, xüsusən də menopauza sonrası dövrdə
daha çox müşahidə olunur. Qadınlarda hormonal səbəblər ön planda
olsa da, kişilərdə yaşlanma, xroniki xəstəliklər və həyat tərzi
faktorları əsas rol oynayır.
Bundan əlavə, uzun müddət yataq rejimində qalan xəstələr, qidalanma
pozğunluğu olan şəxslər və bəzi xroniki xəstəliklərdən əziyyət
çəkənlər də yüksək risk qrupuna daxildir.
– Osteoporozun yaranma səbəbləri nələrdir?
– Xəstəliyin yaranması çoxfaktorlu prosesdir. Onun birinci
səbəbi insanın yaşlanmasıdır. İnsan təbii olaraq 30–35 yaşında
sümük kütləsinin ən yüksək səviyyəsinə çatır və bundan sonra
yavaş-yavaş azalmağa başlayır. Xüsusən qadınlarda menopauza sonrası
dövrdə estrogen hormonunun kəskin azalması sümük itkisini
sürətləndirir.
Genetik amillər də əhəmiyyətlidir. Birinci dərəcəli qohumlarda
osteoporoz və ya bud boynu sınıqları müşahidə olunubsa, bu, riskin
yüksək olduğunu göstərir. Qidalanma da mühüm rol oynayır.
Orqanizm kifayət qədər kalsium və D vitamini qəbul etmədikdə, sümük
toxumasının möhkəmliyi azalır. Hərəkətsizlik, yəni fiziki
aktivliyin az olması sümük toxumasının stimullaşdırılmamasına
gətirib çıxarır və nəticədə sümük kütləsi daha tez itirilir.
Siqaret, alkoqol və uzun müddət kortikosteroid qəbulu da sümük
metabolizmini pozur.
Bütün bu amillər birləşərək osteoporozun yaranmasına zəmin
yaradır.
– Xəstəliyin klinik əlamətləri nələrdir?
– Osteoporozun ən təhlükəli xüsusiyyəti uzun müddət gizli
qalmasıdır. İnsan illərlə sümük itkisi yaşasa da, bunu hiss etmir.
Yalnız sümük kütləsinin xeyli azalmasından sonra klinik əlamətlər
meydana çıxır. Bel və kürək nahiyəsində xroniki, sönük ağrılar,
boyun getdikcə qısalması və qamburluq bu əlamətlərdəndir.
Ən diqqətçəkən klinik nəticə isə yüngül yıxılmadan sonra baş verən
sınıqlardır. Xüsusən bud boynu sınıqları, fəqərə sınıqları və bilək
sınıqları osteoporozun tipik göstəricisidir. Bu sınıqlar insanın
həyat keyfiyyətini ciddi şəkildə azaldır və bəzən ömür uzunluğunu
da qısaldır.
– Osteoporoz necə diaqnostika olunur?
– Diaqnostikanın əsas üsulu sümük mineral sıxlığının
ölçülməsidir. Bunun üçün istifadə olunan densitometriya (DEXA)
metodu “qızıl standart” sayılır. “T-score” –2.5 və daha aşağı
olduqda, osteoporoz diaqnozu qoyulur.
Rentgenoqrafiya yalnız gec mərhələdə sümük nazilməsini göstərir,
lakin erkən mərhələlərdə kifayət qədər informativ deyil. Biokimyəvi
analizlərdə kalsium, fosfor, D vitamini, paratiroid hormonu kimi
göstəricilər qiymətləndirilir.
Bundan əlavə, xəstənin anamnezi, ailə tarixi və həyat tərzi
amilləri də diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır.
– Osteoporoz hansı ağır nəticələrə səbəb ola bilər?
– Bu xəstəliyin ən ciddi nəticəsi sınıqlardır. Bud boynu sınıqları xəstələrin böyük bir hissəsində hərəkət məhdudiyyəti və yataq asılılığı ilə müşahidə olunur. Fəqərə sınıqları isə qamburluğa, belin formalaşmasında pozulmaya, boyun qısalmasına və daimi ağrılara səbəb olur. Həmçinin, osteoporozlu xəstələrdə hər bir yıxılma yeni sınıq riski deməkdir və bu, onların gündəlik həyatını qorxulu və məhdudlaşdırıcı hala gətirir.
– Osteoporozun müalicəsində hansı üsullar tətbiq olunur?
– Müalicə kompleks yanaşma tələb edir. Birinci mərhələdə həyat
tərzinin dəyişdirilməsi vacibdir. Xəstə kalsium və D vitamini ilə
zəngin pəhrizə üstünlük verməli, günəş işığından kifayət qədər
faydalanmalı, fiziki aktivliyini artırmalı, siqaret və alkoqoldan
uzaq durmalıdır.
Dərman müalicəsində sümük rezorbsiyasını azaldan preparatlar
istifadə olunur. Menopauzadan sonrakı qadınlarda hormon əvəzedici
müalicə seçilmiş hallarda tətbiq edilir.
Müalicə ilə yanaşı, fizioterapiya və reabilitasiya proqramları da
mühüm rol oynayır. Əzələlərin gücləndirilməsi və yıxılma riskinin
azaldılması məqsədi ilə xüsusi məşqlər aparılır.
– Osteoporozun profilaktikası mümkündürmü?
– Profilaktika bu xəstəliyin qarşısını almağın ən effektiv
yoludur. Əslində sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və
gənclik dövründən başlanmalıdır. Bu dövrdə sümük kütləsinin
maksimum səviyyəyə çatdırılması gələcəkdə osteoporoz riskini
azaldır. Qidalanmada süd məhsullarına, balıq və yaşıl tərəvəzlərə
üstünlük vermək, aktiv həyat tərzi sürmək əsas şərtlərdir.
Orta və yaşlı dövrdə isə əlavə tədbirlər görülməlidir. Bunlara
mütəmadi densitometriya müayinəsi, həkim nəzarəti altında kalsium
və D vitamini qəbulu, zərərli vərdişlərdən imtina daxildir.
Profilaktik tədbirlər sümüklərin möhkəm qalmasına və gələcəkdə
sınıqların qarşısının alınmasına imkan yaradır.
– Osteoporozlu xəstələr gündəlik həyatlarında nəyə diqqət etməlidir?
– Belə xəstələr ev şəraitində yıxılma riskini azaltmaq üçün
ətraf mühiti təhlükəsiz etməlidir. Sürüşkən xalçalar, sərbəst
naqillər yığışdırılmalı, pilləkənlərdə və vanna otağında tutacaqlar
quraşdırılmalıdır. Hər gün orta intensivlikdə gəzinti və sadə idman
hərəkətləri əzələləri möhkəmləndirir və sümüyün gücünü qoruyur.
Qidalanmada kalsiumla zəngin məhsullar əsas yer tutmalıdır. Günəş
işığından faydalanmaq orqanizmin təbii D vitamini sintezini
artırır. Həkimin yazdığı dərmanlar vaxtında qəbul olunmalı və
müalicə heç vaxt yarımçıq saxlanmamalıdır. Belə qaydalar gündəlik
həyata tətbiq edildikdə, xəstələrdə sınıq riski əhəmiyyətli
dərəcədə azalır və həyat keyfiyyəti yaxşı qalır.
Erkən diaqnostika, vaxtında müalicə və profilaktika tədbirləri
həyat keyfiyyətinin qorunmasında əsas rol oynayır.
Hər bir insan sümük sağlamlığına diqqət yetirməli, xüsusən də risk
qrupunda olan şəxslər mütəmadi olaraq müayinədən keçməlidir.
Osteoporozla mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır.