Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsi.
“Elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq” .
Heydər Əliyev
Bu il 20 Oktyabr - Energetiklər Günü həm ölkəmiz, həm də region üçün əlamətdar bir dövrə - Tarixi Zəfərimizin 5-ci ildönümünə təsadüf edir. Qarabağ və Şərqi Zəngəzurun azadlığı və dirçəlişi Azərbaycanın milli enerji sisteminə əlavə güc qataraq, ölkəmizin regional strateji enerji qovşağı kimi inkişafına yeni imkanlar yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənubi Qafqazda geosiyasi mənzərəni dəyişən, enerji təhlükəsizliyini sülh, regional bağlantılar və iqtisadi inkişafla vəhdətdə dəyərləndirən vizioner siyasətinin nailiyyətləri ölkəmizin bölgədəki lider mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın regional inteqrasiyada oynadığı geosiyasi rol bu gün Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Avropa və Yaxın Şərq ölkələrini əhatə edən geniş enerji əməkdaşlığına yol açıb. Xüsusilə “yaşıl enerji” təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası, post-münaqişə quruculuğu və sülh gündəliyi ilə uzlaşan müasir enerji siyasətində regional amilin güclənməsini təmin edir. Bu müstəvidə Azərbaycan elektroenergetikası ölkənin “yaşıl artım” və “təmiz ətraf mühit” milli prioritetlərinin həyata keçirilməsində əsas hərəkətverici qüvvələrdən biri olmaqla yanaşı, neft-qaz sahəsində formalaşmış beynəlxalq əməkdaşlıq təcrübəsinə və şaxələndirilmiş təchizat marşrutlarına əsaslanan etibarlı enerji təhlükəsizliyi modelinin yeni mərhələdə davamçısı kimi çıxış edir.
Son bir ildə elektroenergetika sistemimizin inkişafının uğurları bunun bariz təsdiqidir. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9732,5 MVt-a çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya 15,6 faiz artım deməkdir. Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1 880 MVt gücündə “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu vardır. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir. Elektroenergetika sistemində hazırda ümumi gücü 7903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,5 MVt-lıq 65 su elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən 18,8 faizini təşkil edir. Bu dövrdə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714 MVA-a çatıb. Son illər artan istehsal gücü Azərbaycanın enerji balansında sabitliyi qoruyur. Ötən il ölkədə 28,4 milyard kVt·st elektrik enerjisi istehsal olunub, bunun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4 milyardı ixraca yönəlib. İdxal isə 70,7 milyon kVt·st təşkil edib. Bu ilin ilk doqquz ayında 21,8 milyard kVt·st enerji istehsal edilib, ixrac 989,6 milyon, idxal isə 145 milyon kVt·st həcmində olub. Elektrik enerjisi istehsalında müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, burada artım dinamikasını məhz bərpa olunan enerji mənbələri formalaşdırır. Xüsusilə, 230 MVt gücündə “Qaradağ” GES fəaliyyətə başladığı iki ilə yaxın müddət ərzində günəş enerjisindən elektrik enerjisi istehsalının 10 dəfə artmasına imkan yaradıb. Bu dövrdə stansiyada 1 milyard kVt·st elektrik enerjisinin istehsalı onun tam gücü ilə işləməsini təsdiqləməklə yanaşı, bir daha göstərir ki, Azərbaycan “yaşıl enerji” ilə bağlı qarşısına reallığa əsaslanan və özünü doğruldan hədəflər qoyub və onları ardıcıl şəkildə həyata keçirir.
Bu aspektdə, qarşıdakı iki il ərzində “yaşıl enerji”nin inkişafının birinci mərhələsi - 10 günəş və külək elektrik stansiyasının inşası - planlaşdırıldığı kimi uğurla başa çatdırılacaq. Bu çərçivədə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək. Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq. İki 220/33 kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq. Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə də start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biridir. Həm bu stansiya, həm də 315 MVt gücə malik “Neftçala” Günəş Elektrik Stansiyasının gələn il, 240 MVt gücündə “Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası və qoyuluş gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının isə 2027-ci ildə istismara verilməsi planlarına uyğun işlər ardıcıl şəkildə davam etdirilir. Cəbrayılda 50 MVt gücündə “Şəms” və 50 MVt gücündə “Üfüq” günəş elektrik stansiyalarının təməlinin yaxın zamanda qoyulması planlaşdırılır. Ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür. Bu layihələrin reallaşması sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin ediləcək.
Bir məqama xüsusilə diqqət yetirmək lazımdır: dünyada bərpa olunan enerji siyasət, texnologiya və investisiya baxımından ən güclü şəkildə dəstəklənərək, istehsal gücləri ilbəil artsa da mövcud inkişaf tempi hələ də “yaşıl keçid”lə bağlı gözləntilərə tam cavab vermir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, ötən il dünyada 582 QVt yeni bərpa olunan enerji gücü quraşdırılıb. Lakin bu göstərici 2030-cu ilədək bərpa olunan enerji gücünü üç dəfə artırmaq hədəfinə çatmaq üçün tələb olunan illik 16,6 faiz artım tempindən geri qalır. Həmçinin dünyanın bir sıra ölkələrində enerji kəsintiləri və şəbəkələrin yüklənməsi halları müşahidə olunur. Bütün bunlar isə göstərir ki, bərpa olunan enerjinin sürətli inkişafı üçün şəbəkə və enerji saxlama infrastrukturunun genişləndirilməsi, enerji sistemlərinin yeni gücləri qəbul etməyə hazırlığı, bu enerjinin təhlükəsiz və səmərəli idarə olunması, eləcə də effektiv balanslaşdırmanın təmin edilməsi olduqca vacibdir. Bu baxımdan, ölkəmizdə bərpa olunan enerji güclərinin yaradılması prosesi ilk mərhələdən etibarən onların enerji sisteminə inteqrasiyası və şəbəkə infrastrukturunun gücləndirilməsi ilə sıx vəhdətdə həyata keçirilir. Bu sistemli yanaşma “yaşıl enerji”nin inkişafında rasional planlaşdırmanın əsas götürüldüyünü və Azərbaycanın qlobal bərpa olunan enerji çağırışlarına çevik və məqsədyönlü şəkildə cavab verdiyini aydın şəkildə nümayiş etdirir. 2 QVt-lıq bərpa olunan enerji gücünün idarə olunması üçün 250 MVt gücündə və 500 MVt/saat saxlama həcminə malik batareya sistemlərinin qurulması, həmçinin Dünya Bankının dəstəyi ilə 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması üçün elektrik verilişi xətləri, habelə 500/300 kV-luq “Nəvahi” yarımstansiyası və əlaqələndirici xətlərin tikintisini ehtiva edən AZURE layihəsinin həyata keçirilməsi bu sahədə görülən əsas tədbirlərdəndir.
Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 38 faizə yüksəltməkdir. Bu məqsədlə tərəfdaşlarımızla imzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVt gücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları və dayanıqlılığının təmin olunması baxımından yanaşırıq. Bu istiqamətdə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqi sahəsində əməkdaşlıq edirik. Tədqiqat çərçivəsində ötürücü şəbəkə üçün texnoloji və iqtisadi baxımdan optimal həllərin müəyyən edilməsi məqsədilə ilk mərhələdə bərpa olunan enerji üzrə potensial tələbat qiymətləndiriləcək, növbəti mərhələdə isə generasiya güclərinin şəbəkəyə inteqrasiya imkanları təhlil olunacaq. Daxili tələbatın təminatı məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafına bu cür ehtiyatlı və mərhələli yanaşma isə enerji təhlükəsizliyinə dair məsuliyyətli mövqeyimizin təzahürüdür.
Uzunmüddətli “yaşıl enerji” gündəliyimizin bütün istiqamətləri beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıq əsasında irəliləyir. Bunun nəticəsində Azərbaycan artıq genişmiqyaslı “yaşıl enerji” əməkdaşlıq ekosistemi formalaşdırmağa nail olub. Bu əməkdaşlıq çərçivəsində “Masdar”, “ACWA Power”, BP, “SOCAR Green”, “Nobel Energy”, AGEC, Baltech, “Universal International”, “China Datang”, China Energy, Power China, TotalEnergies, Elecnor və ROX kimi aparıcı beynəlxalq şirkətlər töhfələri ilə Azərbaycanın yaşıl inkişafının bir parçasına çevrilirlər. Dövlət başçısının vurğuladığı kimi, təkcə enerji sərvətlərinə malik olmaq kifayət deyil. “Qonşularınızla, onların qonşuları ilə möhkəm və etibarlı münasibətlər qurmalısınız ki, enerji, təhlükəsizlik və regional bağlantı layihələrini uğurla həyata keçirə biləsiniz. Buradakı birinci prioritet əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.” Bu bağlılıqda “yaşıl enerj”i tərəfdaşlıq əlaqələrimizin səviyyəsi ölkələrarası münasibətlərin xarakteri ilə tam şəkildə uzlaşır. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal nüfuzu, dostluğa və etimada əsaslanan çoxtərəfli əməkdaşlıq siyasəti ölkəmizin “yaşıl enerji” sahəsindəki hədəflərinin reallaşmasına davamlı dinamizm qazandırır. Bunun bariz nümunəsi kimi bu ilin aprelində Pekində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasını göstərmək olar. Bu sənəd bərpa olunan enerji sahəsində əməkdaşlıqda yeni mərhələnin əsasını qoydu. Quruda günəş, dənizdə külək enerjisi, hidroakkumulyasiya və batareya saxlama sistemləri, eləcə də elektrik şəbəkəsi infrastrukturuna dair çoxsaylı müqavilələrin imzalanması, “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın strateji səviyyəyə yüksələrək hərtərəfli xarakter alması və 2032-ci ilədək Çin şirkətləri ilə ümumi gücü azı 1000 MVt olan layihələrin həyata keçirilməsinə başlanması bu istiqamətdə atılan mühüm addımlardandır. Yaxud 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsini Strateji Tərəfdaşlıq Xartiyasının prioritet istiqamətlərindən biri kimi təsbit edərək, “yaşıl enerji” ilə bağlı regional baxışımıza əlavə güclü stimul verir. Həmçinin əldə olunmuş tarixi razılaşma əsasında Zəngəzur dəhlizini əhatə edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması uzun illərdən sonra Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini bərpa etməklə yanaşı, regionlararası “yaşıl enerji” inteqrasiyasının genişlənməsinə və Orta Dəhliz boyunca “yaşıl enerji” qurşağının formalaşmasına yeni imkanlar açır.
Bu yeni geosiyasi reallıqlar Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonaları” kimi inkişafına regional miqyas və strateji məzmun qazandıraraq, onların istehsal və ixrac mərkəzlərinə çevrilməsi prosesini daha da aktuallaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuq prinsiplərinə, xalis sıfır emissiyalı “Yaşıl Enerji Zonası” Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji qərarı bu gün həm mühüm nəticələr verir, həm də Naxçıvan Muxtar Respublikası üçün nümunəvi rol oynayır.
Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji potensialından geniş və səmərəli istifadə çərçivəsində Cəbrayılda 340 MVt gücündə günəş elektrik stansiyaları inşa ediləcək. Kəlbəcərdə isə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə “Baltech” şirkəti tərəfindən dəniz səviyyəsindən 3100 metr yüksəklikdə külək potensialının ölçülməsinə başlanılıb.
Su elektrik stansiyaları isə bölgənin “təmiz enerji” təminatının əsas mənbəyidir. Ötən il istehsal olunan 573 milyon kVt·saat elektrik enerjisinin 40 faizi regionun daxili tələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülüb. Su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt gücündə 38 stansiya istismara verilib. Bu, il ərzində 800 milyon kVt·saatdan çox “yaşıl enerji”nin istehsalı, 200 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, istixana qazı emissiyalarının isə 400 min tondan çox azalması deməkdir. Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində özəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su elektrik stansiyasının tikintisi davam edir, 2026-cı ildə isə 5 əlavə stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender prosesinə hazırlıq görülür. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatması gözlənir, bu isə daxili tələbatdan iki dəfə artıq enerjinin “Cəbrayıl” enerji qovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasına yol açacaq.
“Yaşıl enerji” zonasının yaradılması yalnız bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, eyni zamanda enerji keçidinin bütün komponentlərini təşviq edir. Bu çərçivədə azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb, 200-dən artıq günəş kollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib. Xüsusilə binaların və fərdi evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl olunur. Bu tədbirlər davamlı xarakter daşıyır və bütün səylərimiz innovativ təcrübənin geniş tətbiqi ilə azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə yönəlib.
Bərpa olunan enerjinin texniki potensialı 21-29 QVt, iqtisadi potensialı isə 5,8-6,9 QVt həcmində qiymətləndirilən Naxçıvanda da inkişaf prosesi dövlət başçısının “yaşıl enerji” zonası ilə bağlı strateji baxışına uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi “Yaşıl Enerji Zonası” Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planı hazırlanıb. Konsepsiya Naxçıvanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarının artırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Konsepsiya Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. 2026-2030-cu illər üzrə 4 əsas sahədə müəyyənləşdirilmiş 12 prioritet istiqamət enerji sahəsində həm strateji, həm də sektorlararası yanaşmanı əks etdirir. Sənaye sektorunda enerji səmərəliliyinin artırılması və “yaşıl enerji”nin tətbiqi, sənaye miqyaslı bərpa olunan enerji layihələrinin reallaşdırılması əsas hədəflərdəndir. Nəqliyyat sektorunda dekarbonizasiya, “ağıllı infrastruktur”un təşkili və elektromobillərə keçidin təşviqi nəzərdə tutulur. Tikinti və şəhərsalma sahəsində ekoloji dayanıqlıq və resurs səmərəliliyi, kənd təsərrüfatında isə bioenerji imkanları və “yaşıl texnologiya”ların tətbiqi prioritetləşdirilir.
Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 48 faiz təşkil edir. Yaxın perspektivdə 50 MVt gücündə günəş elektrik stansiyasının, eləcə də 51,6 MVt gücündə Tivi və Ordubad su elektrik stansiyalarının istismara verilməsi ilə bu göstəricilərin daha da artacağı gözlənilir. Həmçinin bərpa olunan enerji layihələri üçün nəzərdə tutulan torpaq sahələrində əsasən ixrac məqsədilə 3 QVt-dan artıq günəş və külək enerjisi istehsal gücünün yaradılması mümkündür. Bu potensialdan yararlanmaq üçün Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı və şəbəkəyə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə hər iki ölkənin birgə iştirakı ilə tədqiqatlar aparılır. Azərbaycan, elektrik enerjisinin Naxçıvandan birbaşa Türkiyəyə, oradan isə Avropaya ötürülməsi ilə yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən nəql perspektivinə də malikdir. Bu təşəbbüs yalnız Naxçıvanın elektroenergetika sistemini ölkənin enerji şəbəkəsinə birləşdirmir, eyni zamanda “Azərbaycan (Naxçıvan MR) - Türkiyə - Avropa Enerji Qovşağı” layihəsinin reallaşması baxımından da strateji əhəmiyyət kəsb edir. Layihə çərçivəsində Naxçıvanda 400/330/110/35/10 kV-luq çevirici yarımstansiyanın, 330 kV-luq “Cəbrayıl-Naxçıvan” və 400 kV-luq “Naxçıvan-Türkiyə” elektrik verilişi xətlərinin tikintisi üzrə hazırlıq və mühəndislik işləri həyata keçirilir. Cəbrayıl enerji qovşağını Naxçıvanla birləşdirən infrastruktur sayəsində bu strateji bölgələr nəinki inteqrasiya olunacaq, həm də ölkənin “yaşıl enerji” təchizat siyasətini daha balanslı və dayanıqlı edəcək. Davamlı sülhün təminatında mühüm elementlərdən biri olan regional bağlantılar amili Zəngəzur dəhlizinin timsalında, ölkəmizin digər bölgələrindən, Xəzər dənizindən və Mərkəzi Asiyadan “yaşıl enerji”nin nəqli üçün marşrutları və bazarları şaxələndirərək, Azərbaycanı regionun əsas enerji nəqliyyat qovşaqlarından birinə çevirəcək.
Bu dəhliz də daxil olmaqla ölkəmizdə bərpa olunan enerjinin regional xarakterli növbəti inkişaf mərhələsi Xəzər dənizinin zəngin külək enerjisi potensialının reallaşdırılmasına və Azərbaycan vasitəsilə Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı birləşdirən “yaşıl enerji” dəhlizlərinin yaradılmasına əsaslanır. Bu layihələr ölkəmizin Avropanın enerji təchizatındakı strateji mövqeyini daha da gücləndirərək, Avrasiya məkanında enerji əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidə işləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpa olunan enerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davam etdirilir. Həmçinin “ACWA Power”, “Masdar” və “SOCAR Green” şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu, eləcə də “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited” şirkətləri ilə əməkdaşlıq edilir. Planlaşdırılan 6 QVt-dan çox gücün 4 QVt-nın 2032-ci ildən etibarən mərhələli şəkildə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracına başlanması planlaşdırılır. Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir. Birgə Müəssisə - “GECO Green Energy Company” tərəfindən layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün müraciət olunub. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq Maraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciət ediləcək.
Digər bir “yaşıl enerji” dəhlizi üzrə işlər ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin imzalanması ilə başlandı. Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri ilə uzlaşan “Transxəzər Enerji Dəhlizi” tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə qərargahı Bakıda yerləşən “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edilib və şirkət seçimi tamamlandıqdan sonra noyabr ayında Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankının maliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq.
Bu ilin aprelində imzalanmış Memoranduma əsasən, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin isə Texniki Tapşırıq sənədi hazırlanır və sənədin tamamlanmasından sonra məsləhətçi şirkətin seçimi üçün tender keçiriləcək. Beləliklə, müxtəlif dəhlizlər və interkonnektorlar gələcəkdə bir-biri ilə əlaqələndirilərək, Mərkəzi Asiyadan Avropaya qədər geniş coğrafiyada Azərbaycanı bərpa olunan enerjinin ixracı və tranzitində aparıcı ölkə mövqeyinə yüksəldəcək. Eyni zamanda, bu layihələr uzaq məsafəli enerji mənbələrinin istehlak mərkəzləri ilə inteqrasiyasını təmin edərək, enerji təchizatı ilə tələbat arasında tarazlığı qoruyacaq və böyük həcmdə “yaşıl enerji” güclərinin şəbəkəyə qoşulmasını reallaşdırmaqla qlobal miqyasda “yaşıl keçid” prosesinə mühüm töhfə verəcək.
Bu gün diqqətimizi sıfır emissiyalı gələcəyə aparan digər əsas enerji mənbəyi - hidrogenə də yönəldirik. Hidrogen Azərbaycanın “yaşıl inkişaf” və enerji təchizatçısı gündəliyinin tərkib hissəsidir. Ölkəmizdə hidrogenin müxtəlif növlərinin istehsalı, istehlakı və ixracını əhatə edən Milli Strateji Baxış Sənədinin icrası üçün Fəaliyyət Planının hazırlanması məqsədilə məsləhətçi şirkətin seçilməsi prosesi yekunlaşmaq üzrədir. Bu plan Azərbaycanın hidrogen sahəsində sistemli və məqsədyönlü irəliləyişini təmin edərək, ölkəmizin qlobal enerji trendlərinə uyğunlaşmasını sürətləndirəcək.
Enerji sektorunda dayanıqlı və aşağı karbonlu həllərə doğru irəliləyən Azərbaycanın planlarında geotermal enerji də mühüm yer tutur. Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt qiymətləndirilir. Perspektivli bölgələr arasında Böyük Qafqaz, Şamaxı-Qobustan, Kəlbəcər-Laçın, Masallı-Astara və Naxçıvan yer alır. Pilot layihələr çərçivəsində istismarı başa çatmış neft və qaz quyularından istifadə edilərək enerji istehsalı nəzərdə tutulur: Bibiheybətdə bu quyular vasitəsilə istilik enerjisi, Kürdəmirdə isə elektrik enerjisi əldə ediləcək. Masallıda isə hibrid texnoloji həllərlə istixanalar qızdırılacaq. Tədqiqatlar göstərir ki, geotermal enerji bioenerji ilə birləşdirildikdə daha dayanıqlı və aşağı karbonlu enerji sistemlərinin yaradılmasına imkan verir.
Enerji keçidinin mühüm komponentlərindən biri olan enerji səmərəliliyi də ölkəmizin davamlı inkişaf strategiyasının mərkəzində dayanır. Enerji səmərəliliyinə dair qanunvericilik və normativ-hüquqi çərçivənin yaradılması ilə yanaşı, onun bütün sahələrdə geniş tətbiqi və insanların gündəlik davranışına çevrilməsi əsas prioritetlərimizdəndir. Bu sahədə qanunvericiliyin effektiv icrası və nəzarətin təmin olunması məqsədilə Enerji Effektivliyi İnformasiya Sisteminin (EEİS) yaradılması və onun veb sayt və mobil tətbiqlər vasitəsilə istifadəyə verilməsi istiqamətində işlər aparılır. Binaların pasportlaşdırılması ilə bağlı hüquqi məsələlər tamamlandıqdan sonra bu proses də EEİS-ə inteqrasiya ediləcək. Enerjinin istehsalı, nəqli, ötürülməsi və paylanması sahələrində effektivlik potensialının qiymətləndirilməsinə, eləcə də qeyri-yaşayış binaları və təsərrüfat subyektlərində enerji idarəçilərinin təyin edilməsinə başlanıb. Eyni zamanda enerji istehlak edən 9 məhsul üzrə enerji etiketlənməsi və ekoloji dizayn tələblərini əhatə edən 17 texniki reqlament hazırlanıb. Həmçinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılmış “Enerji Effektivliyi Fondu”nun vəsaitləri hesabına yaxın perspektivdə güzəştli kreditlərin verilməsi, pilot layihələrin maliyyələşdirilməsi, qrant və subsidiyaların ayrılması məqsədilə normativ baza hazırlanıb. Hazırda Enerji Məsələlərini Tənzimləmə Agentliyi müvəkkil kredit təşkilatları ilə əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi üçün tədbirlər görür; bu isə enerji resurslarından səmərəli istifadəyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına və enerji səmərəliliyi üzrə maliyyə təşviqlərinin davamlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Enerji səmərəliliyinin geniş tətbiqi ilə yanaşı, AERA-nın tənzimləyici və nəzarətedici fəaliyyəti enerji sektorunda bazar münasibətlərinin formalaşmasına, effektiv idarəetmənin, şəffaflığın və hesabatlılığın təmin olunmasına mühüm töhfə verir. Ötən dövr ərzində Agentlik elektrik enerjisinin ötürülməsi, topdan və pərakəndə satış qiymətləri ilə bağlı təkliflər hazırlayaraq bazar islahatlarının tətbiqinə dəstək verib. Elektrik enerjisi bazarının effektiv təşkili məqsədilə elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları hazırlanıb. “Energetika sahəsində tənzimləyici haqqında” qanun layihəsi yenidən işlənilib. Elektrik qurğularının quraşdırılması, texniki istismarı və təhlükəsizlik texnikası qaydaları təsdiq olunaraq tətbiqə verilib. Hazırda istilik qurğularının texniki istismar və təhlükəsizlik qaydalarının layihələri üzərində işlər davam edir. Qaz qurğularının, xətlərin, tüstü bacalarının və havalandırma sistemlərinin təhlükəsiz istismarı və yol verilmiş pozuntuların aşkar edilərək aradan qaldırılması üçün monitorinqlər aparılıb, nəticələr qanunvericiliyə uyğun aktlarla rəsmiləşdirilib. Dövlət müəssisələrində elektrik və istilik enerjisindən istifadənin səmərəliliyi, təhlükəsizlik qaydalarına əməl olunması və qaz qurğularının etibarlı istismarı ilə bağlı 2000-ə yaxın nəzarət tədbiri həyata keçirilib. Aşkar edilmiş pozuntuların aradan qaldırılması təmin olunub.
Qanunvericilik bazasının təkmilləşdirilməsi və energetika sektorunda islahatların davamı çərçivəsində “İstilik təchizatı haqqında” və “Qaz təchizatı haqqında” qanunların qəbulu da atılan mühüm addımlardandır. İstilik təchizatı ilə bağlı bu qanun yeni tikiləcək binalarda mərkəzləşdirilmiş sistemlərin tətbiqini məcburi edir ki, bu da enerji resurslarına qənaət, ətraf mühitə atılan emissiyaların azalması və xidmət keyfiyyətinin yüksəlməsini təmin edəcək. Qanun, həmçinin istilik istehsalı, paylanması və satış subyektlərinin hüquq və vəzifələrini aydınlaşdırır, dövlət və özəl sektor arasında şəffaf və səmərəli münasibətlərin formalaşdılmasına imkan yaradır. Qaz təchizatına dair yeni qanun isə qazın nəqli, paylanması, saxlanması, topdan və pərakəndə satışları, habelə idxalının Dövlət Neft Şirkətinin tabeliyində ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata keçirilməsi qaz təchizatı subyektləri üzrə maliyyə şəffaflığı, xərc əsaslı qiymətlərin (tariflərin) daha düzgün müəyyən olunması, çarpaz subsidiyalaşmanın qarşısının alınması, həmçinin maliyyə intizamlığının təmin edilməsinə gətirib çıxaracaqdır. Bu islahatlar Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirir və energetika sektorunu daha müasir və rəqabətədavamlı edir.
Bütün bunlar Ulu Öndər Heydər Əliyevin, Azərbaycan İES-in birinci enerji blokunun istifadəyə verilməsi nümunəsində ötən əsrin 80-ci illərindən başlayaraq enerji müstəqilliyi ilə bağlı həyata keçirdiyi uzaqgörən və fədakar siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilərək etibarlı enerji təchizatçısı statusuna yüksəltdiyi ölkəmizin energetika sektorunda əldə olunan uğurların yalnız müəyyən bir hissəsidir. Azərbaycan energetikləri bu xəttin bundan sonra da davam etdirilməsi missiyasını şərəflə yerinə yetirərək müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.