Bakı. Trend:
Oktyabrın 18-də Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlar raundunda Əfqanıstan və Pakistan nümayəndələri sərhəddə dərhal atəşkəs barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Qətərin xarici işlər nazirliyi "X" sosial şəbəkəsində yazıb.
"[Danışıqlar] raundunda tərəflər dərhal atəşkəs və iki ölkə arasında sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması barədə razılığa gəliblər", - deyə qeyd olunub.
Müqaviləni Əfqanıstan və Pakistanın müdafiə nazirləri Məhəmməd Yaqub Mücahid və Xavaca Asif, həmçinin Qətər və Türkiyə nümayəndələri imzalayıblar. Münaqişə tərəflərinin nümayəndə heyətləri atəşkəs rejiminin qorunub saxlanılması və tam riayət olunması məqsədilə yaxın günlərdə məsləhətləşmələr aparmağa razılaşıblar.