Bakı. Trend:
Enerji keçidinin mühüm komponentlərindən biri olan enerji səmərəliliyi də Azərbaycanın davamlı inkişaf strategiyasının mərkəzində dayanır. Enerji səmərəliliyinə dair qanunvericilik və normativ-hüquqi çərçivənin yaradılması ilə yanaşı, onun bütün sahələrdə geniş tətbiqi və insanların gündəlik davranışına çevrilməsi əsas prioritetlərimizdəndir.
Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.
Qeyd edilib ki, bu sahədə qanunvericiliyin effektiv icrası və nəzarətin təmin olunması məqsədilə Enerji Effektivliyi İnformasiya Sisteminin (EEİS) yaradılması və onun veb sayt və mobil tətbiqlər vasitəsilə istifadəyə verilməsi istiqamətində işlər aparılır: “Binaların pasportlaşdırılması ilə bağlı hüquqi məsələlər tamamlandıqdan sonra bu proses də EEİS-ə inteqrasiya ediləcək. Enerjinin istehsalı, nəqli, ötürülməsi və paylanması sahələrində effektivlik potensialının qiymətləndirilməsinə, eləcə də qeyri-yaşayış binaları və təsərrüfat subyektlərində enerji idarəçilərinin təyin edilməsinə başlanıb”.
“Eyni zamanda enerji istehlak edən 9 məhsul üzrə enerji etiketlənməsi və ekoloji dizayn tələblərini əhatə edən 17 texniki reqlament hazırlanıb. Həmçinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılmış “Enerji Effektivliyi Fondu”nun vəsaitləri hesabına yaxın perspektivdə güzəştli kreditlərin verilməsi, pilot layihələrin maliyyələşdirilməsi, qrant və subsidiyaların ayrılması məqsədilə normativ baza hazırlanıb. Hazırda Enerji Məsələlərini Tənzimləmə Agentliyi müvəkkil kredit təşkilatları ilə əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi üçün tədbirlər görür; bu isə enerji resurslarından səmərəli istifadəyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına və enerji səmərəliliyi üzrə maliyyə təşviqlərinin davamlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq”, - məqalədə vurğulanıb.