Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri iqtisadi tərəfdaşlığa yeni dinamika gətirə bilər.
Bunu Trend-ə Qazaxıstandan olan beynəlxalq əlaqələr və iqtisadi siyasət üzrə ekspert Yerik Batırxanov deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri iqtisadi tərəfdaşlığı ənənəvi enerji və nəqliyyat çərçivəsindən kənara çıxarmaqla ona yeni dinamika gətirə bilər . Hazırda Astana və Bakı arasındakı münasibətlər qarşılıqlı ticarət mərhələsindən tam sənaye-investisiya ekosistemi formalaşdırılması mərhələsinə keçir, burada hər iki tərəf əlavə dəyər yaradılmasına can atır”, - deyə o bildirib.
Batırxanov qeyd edib ki, hazırda ikitərəfli əməkdaşlığın önündə logistika və energetika dayanır və bu sahələr bir-birini tamamlayan mühüm istiqamətlərə çevrilib. Qazaxıstan artıq neft ixracı üçün Azərbaycan infrastrukturundan istifadə edir – ildə təxminən 1,5 milyon ton həcmində, və bu rəqəm tədricən artmaqdadır.
Aktau və Ələt limanlarının müasirləşdirilməsi üzrə birgə layihələr Xəzər nəqliyyat qovşağı üçün əsas yaradır, burada neft, taxıl, metallar və konteyner yükləri vahid nəqliyyat sistemində birləşir. Bu, ölkələrin sadəcə “göndərmə” və “qəbul etmə” məntəqələri olmaqdan çıxaraq, qlobal zəncirlərin əsas həlqələrinə çevrildiyini göstərir.
“İkinci istiqamət – ərzaq və aqrotexnoloji əməkdaşlıqdır. 2024-cü ildə Qazaxıstandan Azərbaycana rekord həcmdə – 450 min tondan artıq taxıl tədarükü yeni bir modelin sadəcə başlanğıcı idi. Bu model çərçivəsində Qafqaz və Türkiyə bazarlarını hədəfləyən kənd təsərrüfatı məhsullarının emalı və paylanması üzrə birgə mərkəzlərin yaradılması nəzərdə tutulur. Bu, xammal ixracından hazır məhsul və texnoloji həllər ixracına keçidi ifadə edir”, -deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, paralel şəkildə rəqəmsal əlaqəlilik də güclənir – ölkələr “Digital Trade Corridor” sistemi vasitəsilə gömrük məlumatlarını və nəqliyyat marşrutlarını sinxronlaşdırır, bu isə İT infrastruktur, telekommunikasiya və fintex sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır.
Ekspert həmçinin qeyd edib ki, yaşıl keçid də əməkdaşlığın mühüm istiqamətinə çevrilir. Qazaxıstan, Azərbaycan və Özbəkistanın iştirak etdiyi “Caspian Green Energy Corridor” adlı birgə layihə regionun “ağıllı enerji”yə – külək, günəş və hidrogen enerjisinə keçidini əks etdirir.
Onun sözlərinə görə, bu gün Qazaxıstan və Azərbaycan münasibətləri, mübaliğəsiz, yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bu, sadəcə dostluq və ya formal əməkdaşlıq deyil – regional siyasət və iqtisadiyyatın əsas məsələlərində qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan dayanıqlı strateji tərəfdaşlıqdır.
“Son illərdə dövlət və hökumət başçıları səviyyəsində dialoqun dərinləşməsi, ticarət dövriyyəsinin artması, birgə investisiya layihələrinin işə salınması müşahidə olunur. Hər iki dövlət region qarşısında duran çağırışlara – enerji təhlükəsizliyi, nəqliyyat əlaqəliliyi və türk inteqrasiyasının gücləndirilməsi kimi məsələlərə bənzər yanaşma nümayiş etdirir”,- deyə ekspert vurğulayıb.
O bildirib ki, Qazaxıstan və Azərbaycan Xəzər və Mərkəzi Avrasiya məkanında sabitlik və müasirləşmə oxu formalaşdırır. Onların əməkdaşlığı oxşar tarixi təcrübəyə və mənəvi yaxınlığa malik ölkələrin siyasi etimadı real iqtisadi nəticələrə çevirməsinin nümunəsinə çevrilir.
“Son illərdə Qazaxıstan və Azərbaycanın müttəfiqliyi bəyanat xarakterli tərəfdaşlıqdan konkret nəticə verən real alyansa çevrilib və bu, artıq faktlar və rəqəmlərlə də təsdiqlənir. Rəsmi mənbələrə görə, 2024-cü ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 533 milyon ABŞ dollarını ötüb”,- deyə Batırxanov qeyd edib.
Ekspert qeyd edib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında qarşılıqlı ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz artaraq təxminən 393,8 milyon ABŞ dollarına çatıb. Azərbaycan tərəfdən Qazaxıstana ixrac 23,2 faiz artaraq 107,7 milyon ABŞ dollarına yüksəlib, Qazaxıstandan Azərbaycana ixrac isə 45,6 faiz artaraq 286 milyon ABŞ dollarına çatıb (ilk 10 ay ərzində).
“Hazırda Qazaxıstan neftinin Azərbaycan marşrutları vasitəsilə illik tranzit həcmini 5–7 milyon tona qədər artırmaq məqsədilə birgə danışıqlar aparılır. 2023-cü ildə Qazaxıstandan təxminən 1,4 milyon ton neft Azərbaycanın ərazisindən tranzitlə göndərilib. 2025-ci ildə BTC kəməri vasitəsilə tədarük həcmini 1,7–1,8 milyon tona, daha sonra isə 2,2 milyon tona çatdırmaq planlaşdırılır. Azərbaycan 2027-ci ilə qədər illik tranzit həcmini 7 milyon tona qədər artırmağı nəzərdən keçirir”, – deyə Batırxanov bildirib.
Ekspert qeyd edib ki, 2024-cü ildə Qazaxıstan və Azərbaycan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR / Orta Dəhliz) üzrə yükdaşıma həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. O birgə layihələrin həyata keçirilməsinə hədəflənmiş və ilkin kapitalı 300 milyon ABŞ dolları olan Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun fəaliyyətə başladığını xatırladıb.
“Bu rəqəmlər göstərir ki, iki ölkə arasındakı əməkdaşlıq artıq sadəcə sözdə deyil – o, iqtisadi artımın, logistika şaxələndirilməsinin və enerji müstəqilliyinin mühüm alətinə çevrilir. Orta Dəhliz artıq eləcə bir alternativ marşrut deyil, yeni Avrasiya tranzitinin strateji oxudur və burada Qazaxıstanla Azərbaycan əsas rolları oynayır”, - deyə Batırxanov bildirib.
O əlavə edib ki, 2024-cü ilin yekunlarına əsasən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb, bu həcmin təxminən yarısı Qazaxıstanın ixrac axınlarının payına düşür. Hazırda marşrut Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistika və liman operatorunu birləşdirir. Tariflərin sinxronlaşdırılması və elektron sistemlərin (eTIR, Digital Trade Corridor) tətbiqi sayəsində tranzit vaxtı 38 gündən 19 günə enib.
Onun sözlərinə görə, bu dəhlizin potensialı qlobal logistika sisteminin yenidən formalaşması fonunda daha da güclənir. TITR Beynəlxalq Assosiasiyasının qiymətləndirmələrinə görə, 2030-cu ilə qədər yük axını ildə 10–12 milyon tona çata bilər ki, bu da ayrı-ayrı Qara dəniz limanlarının dövriyyəsinə bərabərdir.
O qeyd edib ki, Qazaxıstan və Azərbaycan üçün bu, sadəcə nəqliyyat əlaqəliliyi layihəsi deyil – iqtisadi suverenliyin və Avrasiyanın yeni prinsiplər əsasında reinteqrasiyasının elementidir. Zəngəzur dəhlizindən danışarkən Batırxanov bildirib ki, bu, Xəzər regionu ilə Türkiyə arasında potensial olaraq ən qısa quru bağlantısıdır və deməli, Transxəzər marşrutunun tam reallaşması üçün çatışmayan əsas halqadır.
“Qazaxıstan üçün bu layihə hər şeydən əvvəl tranzit-iqtisadi əhəmiyyət daşıyır. Əgər dəhliz reallaşarsa, Aktau və Kurık limanlarından Türkiyə və Avropa bazarlarına qədər yük marşrutu təxminən 600–700 km qısalacaq, logistika xərcləri isə ekspertlərin qiymətləndirmələrinə görə, 10–15 faiz azalacaq”, – deyə o qeyd edib.
Batırxanov əlavə edib ki, hazırda Qazaxıstan–Azərbaycan–Gürcüstan–Türkiyə marşrutu uğurla fəaliyyət göstərir, lakin hələ də bəzi hissələrin yüklənməsi və məhdud ötürmə qabiliyyəti ilə bağlı çətinliklər qalmaqdadır.
O vurğulayıb ki, Qazaxıstan üçün optimal ssenari – Zəngəzur dəhlizinin çoxtərəfli, açıq formatda həyata keçirilməsidir; bu halda marşrut TITR şəbəkəsinin bir hissəsinə çevrilə bilər. Belə olan təqdirdə, Zəngəzur Xəzər logistikası üçün məntiqli davam olacaq və Mərkəzi Asiyanın nəqliyyat müstəqilliyini gücləndirəcək.
“Daha geniş kontekstdə bu, sadəcə nəqliyyat layihəsi deyil, Altaydan Aralıq dənizinədək uzanan Avrasiya qövsünü tamamlamaq imkanıdır; burada Qazaxıstan və Azərbaycan regionlar və mədəniyyətlər arasında körpü rolunu oynayırlar”, -deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, Qazaxıstan və Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki tərəfdaşlığı bu gün bütövlükdə türk inteqrasiyasının dayağıdır. Bu, sadəcə rəmzi səciyyə daşıyan bir yaxınlıq deyil – iqtisadi və siyasi baxımdan yetkin iki dövlətin praktiki əməkdaşlığıdır və onlar təşkilatın inkişaf istiqamətinə yön verirlər.
“Qazaxıstan türk birliyi ideyasının əsas təşəbbüskarlarından olub – hələ 2009-cu ildə məhz Qazaxıstanın təşəbbüsü ilə türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanmışdı və sonradan bu qurum TDT-yə çevrildi. Azərbaycan isə başlanğıcdan etibarən onun fəal tərəfdarı və infrastruktur mərkəzi kimi çıxış edib. Bu gün məhz Bakı və Astana bu struktura davamlılıq və məzmunlu gündəm təmin edirlər”, - deyə Batırxanov bildirib.
Onun sözlərinə görə, iqtisadi baxımdan bu iki ölkə türk inteqrasiyasının hərəkətverici qüvvəsi ola biləcək bir tandem formalaşdırır. Qazaxıstan və Azərbaycanın ümumi ÜDM-i 300 milyard ABŞ dollarını keçir, türk enerji ixracında payları isə 60 faizdən çoxdur. Əsas tranzit dəhlizləri – Xəzər, Orta Dəhliz, Transanadolu və Aralıq dənizinə kimi uzanan marşrutlar – məhz bu ölkələrdən keçir.
“Amma az əhəmiyyətli olmayan siyasi-humanitar komponent də mövcuddur. Qazaxıstan və Azərbaycan həm islam, həm də türk dünyasının müasirləşməsinə təcridçilik yolu ilə deyil, təhsil, rəqəmsallaşma, yaşıl iqtisadiyyat və beynəlxalq tərəfdaşlıq vasitəsilə nail olmağa çalışırlar. Bu TDT-yə müasir və konstruktiv xarakter verir, onu klassik dövlətlərarası ittifaqlardan fərqləndirir. Strateji baxımdan isə Astana və Bakının TDT çərçivəsindəki ittifaqı Avrasiyada əməkdaşlığın yeni arxitekturasının formalaşmasına töhfə verir – burada türk dünyasının ölkələri Avropa, Rusiya, Çin və Yaxın Şərq arasında periferiyada deyil, müstəqil təsir mərkəzi rolunda çıxış edirlər”, - deyə Batırxanov bildirib.
Ekspert qeyd edib ki, qarşıdakı Qazaxıstan-Azərbaycan Biznes Forumu konkret layihələrin sürətləndirilməsi üçün mühüm vasitə rolunu oynayacaq.
“Hər iki ölkə üçün indi vacib olan təkcə ticarət həcmini artırmaq deyil, həm də əməkdaşlığın strukturunu dərinləşdirməkdir – xammal mübadiləsindən birgə istehsal, logistika və texnoloji zəncirlərə keçmək. Bu cür məsələlər məhz şirkətlərin, inkişaf institutlarının və dövlət orqanlarının birbaşa görüşləri səviyyəsində həll olunur”, - deyə Batırxanov vurğulayıb.
O əvvəlki görüşlərdə tərəflərin yüz milyonlarla dollarlıq sazişlər o cümlədən neftin aşırılması, taxılın daşınması, limanların inkişaf etdirilməsi və təxminən 300 milyon ABŞ dolları həcmində birgə investisiya fondunun yaradılması layihələrini imzaladıqlarını xatırladıb.
“Cari forumda yeni mərhələyə – aqrosənaye, energetika, İT və yaşıl iqtisadiyyat sahələrində birbaşa B2B müqavilələrə keçid gözlənilir. Eyni zamanda ixracyönümlü şirkətlər arasında təcrübə mübadiləsi də mühüm əhəmiyyət daşıyacaq – onlar bir-birinin infrastrukturundan istifadə edərək Türkiyə, Avropa və Yaxın Şərq bazarlarına çıxış imkanlarını genişləndirə bilərlər”, - deyə o bildirib.
Ekspert əlavə edib ki, biznes forumu həm də bir reputasiya funksiyası daşıyır - bu, Qazaxıstan və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın yalnız hökumət qərarlarına deyil, özəl sektorun etimadına əsaslandığını nümayiş etdirir. Bu, hər iki ölkənin investisiya cəlbediciliyini artırır və Xəzər məkanında yeni biznes mədəniyyətinin formalaşmasına təkan verir.