...

Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması hansı zərurətdən yarandı? – RƏY

Cəmiyyət Materials 17 Oktyabr 2025 17:13 (UTC +04:00)
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması hansı zərurətdən yarandı? – RƏY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.

Bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Həmçinin Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində keçirilən iclasda müzakirəyə çıxarılıb.

Moped sürücülərindən sürücülük vəsiqəsi tələbi yollarda hərəkət axınına necə təsir edəcək?

Mövzu ilə bağlı Trend-ə açıqlama verən nəqliyat eksperti Elməddin Muradlı bildirib ki, moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması ilə bağlı məsələsinin konkretləşəcəyi bəlli idi. Çünki moped sürücüləri dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadılar, əksinə daha da şiddətli, kobud qayda pozuntularına yol verdilər.

“Nəticə olaraq da aidiyyəti qurumlar bu istiqamətdə qanun layihəsinin hazırlanmasını zəruri hesab etdilər. Burada üç əsas variant var. Birincisi moped sürücülərinə sürücülük vəsiqəsinin verilməsi, ikincisi mopedin dövlət qeydiyyatına alınmasıdır. Nəhayət, üçüncü variant mopedə dövlət nömrə nişanının verilməsidir”.

Ekspert qeyd edib ki, düşünürəm ki, sürücülük vəsiqəsi tələbi olduqda moped sürücüləri daha kobud qayda pozuntularına yol verməyəcəklər. Son illərin göstəricilərinə baxdıqda dəfələrlə mopedin piyadalara xəsarət yetirməsi, hətta ölümünə səbəb olması hallarının baş verməsi məlum olur.

E.Muradlı vurğulayıb ki, sosial şəbəkədələrdə mopedlərlə bağlı müxtəlif xoşagəlməz, təhlükəli trendlərə də şahid oluruq. Moped sürücülərinin əksəriyyəti küçələrdə şou-menliklə məşğuldurlar.

“Respublikanın hər yerindən moped və motosikllarla bağlı şikayətlər gəlir. Mopedlərlə bağlı qanun qəbul edildikdə dövlət qeydiyyatına alınma prosesi, vəsiqə üçün imtahan verilməsi kimi məsələlərdən yayınmaq üçün bir çoxları mopedlərdən imtina edəcəklər. Qanunauyğun davranan şəxslər isə tələblərə uyğunlaşaraq yenə də mopeddən normal nəqliyyat vasitəsi kimi istifadə etməyə cəhd göstərəcəklər”,-ekspert əlavə edib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında bildirib ki, Azərbaycanda moped sürənlərin sayının ciddi artması ilə bərabər, bu nəqliyyat vasitəsi sürücüləri haqqında şikayətlər də çoxalır. Məhz bu şikayətlərin artması səbəbindən moped sürücülərinin hərəkətinin nizama salınması məqsədilə sürücülük vəsiqəsi tələb olunmasına zəmin yaranıb.

“Şəhərdə fərqli hərəkət iştirakçıları var. Bunlara piyada(sürəti 5km), mikromobillik-velosiped, skuter (sürəti 25km-dək), moped(50-60 km və daha yuxarı) və digər nəqliyyat vasitələri daxildir. Mopedlərdən həmçinin yükdaşımada da istifadə edilir”.

Ekspert vurğulayıb ki, həmin yük qabaritlərinin normadan daha çox olması da yeni bir təhlükə yaradır. Yeni qaydalar həm sürücülük vəsiqəsinin, həm də mopedlə daşınacaq yükün qabaritlərinin formalaşması il bağlı tələbləri əhatə edir.

R.Ağamirzəyev əlavə edib ki, tələblərə əməl edənlər moped idarə edə biləcəklər və bu da nizamlı hərəkətə səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti