...

Mərkəzi Asiya və Qafqazdakı infrastruktur layihələri ticarət əlaqələrinin gücləndirilməsində əsas rol oynayır - BVF

İqtisadiyyat Materials 17 Oktyabr 2025 17:45 (UTC +04:00)
Mərkəzi Asiya və Qafqazdakı infrastruktur layihələri ticarət əlaqələrinin gücləndirilməsində əsas rol oynayır - BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya və Qafqazdakı infrastruktur layihələri ticarət əlaqələrinin gücləndirilməsində əsas rol oynayır.

Bunu brifinqdə Trend-in sualını cavablandıran Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur deyib.

“Qafqaz və Mərkəzi Asiya ölkələrinin orta iqtisadi artım tempi hələ də yüksək olaraq qalır və bu il 5,6% təşkil edəcək ki, bu da bahar toplantılarındakı qiymətləndirmələrlə müqayisədə proqnozun 0,7 faiz bəndi yüksəlməsini əks etdirir. Belə yüksək artım səviyyəsi nə ilə izah oluna bilər? Dayanıqlı daxili tələbat, kredit ekspansiyası , eləcə də stabil və ya böyük həcmdə neft-qaz ixracı mövcuddur.

Artımın tədricən orta səviyyəyə- təxminən 4%-ə qədər yavaşlayacağını gözləyirik. Hərçənd, neft və qaz ixracatçısı olan ölkələrlə idxalçı ölkələr arasında vəziyyət fərqlidir”, - deyə Azur bildirib.

O, həmçinin Mərkəzi Asiya və Qafqazın əksər ölkələrində inflyasiyanın sürətləndiyini vurğulayıb.

“Bu, müəyyən dərəcədə tələbin yaratdığı təzyiq və həmçinin, xüsusilə Rusiyadan gələn inflyasiya idxalı ilə bağlıdır. Bəzi ölkələrdə isə elektrik enerjisi sahəsində tarif islahatları qiymət artımına təsir edib. Son illərdə Qafqaz və Mərkəzi Asiya ölkələri nisbətən yüksək artım səviyyəsi nümayiş etdirir və daxili region əməkdaşlığının inkişafında, o cümlədən bir sıra infrastruktur layihələrində uğurlar əldə edirlər. Xüsusilə şərqdən qərbə, Çin-dən müxtəlif ticarət marşrutlarına ticarət əlaqələrinin gücləndirilməsində dəmir yolu və elektrik enerjisi sahəsindəki layihələr mühüm əhəmiyyət daşıyır. Bu layihələr həmçinin region ölkələri arasında əlaqəliliyin artırılması və iqtisadi inteqrasiyanın genişləndirilməsi üçün imkanlar yaradır”, - deyə Azur bildirib.

O əlavə edib ki, bu cür layihələrin həyata keçirilməsi bəzi hallarda borc yükünə təsir göstərə bilər.

“Biz ölkələri ehtiyatlı olmağa çağırırıq - həm iqtisadi əsasların möhkəmləndirilməsi, həm də uzunmüddətli layihələrin idarə olunması baxımından. Bu layihələrin öhdəliklər baxımından yaxşı idarə olunması və ümumi borc səviyyəsinin dayanıqlı qalması vacibdir”, - deyə BVF direktoru yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti