Bakı. Trend:
Hər bir xalqın tarixində elə günlər olur ki, bu günlər həmin millətin taleyini dəyişdirir, onun gələcək yolunu müəyyənləşdirir. Azərbaycan xalqı üçün belə əlamətdar günlərdən biri də 18 oktyabr – Müstəqilliyin Bərpası Günüdür.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
A.Qarayev qeyd edib ki, həmin gün Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməklə, xalqımızın azadlıq arzularını reallaşdırdı və milli dövlətçiliyimizin bərpasına hüquqi əsas qoydu.
"Müstəqilliyin bərpası yalnız siyasi hadisə deyil, həm də milli-mənəvi dirçəliş idi. Azərbaycanın yenidən müstəqil dövlət kimi formalaşması asan baş vermədi. 1990-cı illərin əvvəllərində ölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın təcavüzü vəziyyəti gərginləşdirmişdi."
Politoloq qeyd edib ki, lakin Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik və dövlətçilik prinsipləri bərpa olundu.
"Güclü dövlət quruculuğu, müstəqil xarici siyasət və iqtisadi islahatlar sayəsində Azərbaycan öz suverenliyini qoruyub saxladı və inkişaf yoluna qədəm qoydu."
A.Qarayev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirib, dünya miqyasında nüfuzlu dövlətlərdən birinə çevrilib.
"Qarabağda qazanılan tarixi Qələbə (2020) müstəqilliyimizin real təntənəsi oldu. Müstəqillik yalnız dövlətin siyasi statusu deyil, həm də xalqın ruhunun azadlığı, milli kimliyinin ifadəsidir. Azərbaycan xalqı bu azadlığı asanlıqla qazanmayıb – yüzlərlə şəhidin qanı, minlərlə insanın fədakarlığı bahasına əldə olunub.Bu gün biz müstəqil Azərbaycan vətəndaşları olaraq, bu dəyərləri qorumaq, vətənimizi inkişaf etdirmək, onun adını dünyada daha da ucalmaq üçün çalışmalıyıq. Bu, sadəcə bir tarix deyil – bu, xalqımızın qürurunun, iradəsinin və azadlıq eşqinin simvoludur. Müstəqilliyin Bərpası Günü bizi bir daha keçmişimizə qaytarır, dövlətimizin qiymətini anlamağa, onu qorumağa və gələcək nəsillərə daha möhkəm şəkildə ötürməyə çağırır."
Politoloq bildirib ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
"Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir."