...

Qazaxıstan və Azərbaycan logistika sahəsindən tutmuş “yaşıl” enerjiyədək möhkəm tərəfdaşlıq formalaşdırır – Astanadan rəy

İqtisadiyyat Materials 17 Oktyabr 2025 14:53 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan logistika sahəsindən tutmuş “yaşıl” enerjiyədək möhkəm tərəfdaşlıq formalaşdırır – Astanadan rəy
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan və Azərbaycan logistika, investisiya və “yaşıl” enerji sahələrində yüksək səviyyəli dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığı möhkəmləndirməkdə davam edir.

Bu barədə Trend-ə beynəlxalq münasibətlər üzrə Qazaxıstandan olan ekspert Tahir Niqmanov məlumat verib.

O qeyd edib ki, dövlət başçıları mütəmadi yüksək səviyyəli dialoqu dəstəkləyirlər.

"Həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq da müsbət dinamika nümayiş etdirir - hər il, adətən payızda rəsmi sammit keçirilir, yaz və ya yay aylarında isə qeyri-rəsmi görüşlər baş tutur. Prezidentlər bu tədbirlər çərçivəsində, eləcə də ikitərəfli səfərlər, telefon danışıqları və MDB daxil olmaqla digər platformalarda da mütəmadi olaraq ünsiyyət qururlar”,- deyə Niqmanov bildirib.

T.Niqmanov bildirib ki, Qazaxıstan Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllini və sülh bəyannaməsinin imzalanmasını dəstəkləyir. Mühüm amillərdən biri də Qazaxıstanın sülh prosesinə öz töhfəsini verməsidir.

“Xüsusilə 2024-cü ildə Almatıda sülh sazişinə hazırlıq çərçivəsində xarici işlər nazirlərinin görüşü baş tutdu. Ümumilikdə, mən bu prosesi çox müsbət dinamika kimi səciyyələndirərdim”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda əsas nailiyyətləri bir neçə istiqamətdə qeyd etmək olar.

“Birincisi, Qazaxıstan, Azərbaycan və Özbəkistanın iştirakı ilə ‘yaşıl’ enerjinin inkişafına dair üçtərəfli sazişdir. Son iki il ərzində banklar və investisiya fondları arasında bir sıra müqavilələr imzalanıb, xüsusilə ‘Samruk-Kazına’ ilə Azərbaycan İnvestisiya Holdinqi arasında strateji tərəfdaşlıq haqqında saziş bağlanıb. İqtisadi və investisiya sahələrində fəal danışıqlar və yeni razılaşmalar davam edir. Ayrıca onu da qeyd etmək lazımdır ki, Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılmasına dair saziş imzalanıb, bu razılaşmada Qazaxıstanın ‘KazMunayQaz’ şirkəti və Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR iştirak edib”, – deyə Niqmanov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin müsbət dinamikası konkret iqtisadi məzmunla daha da zənginləşir.

“Orta Dəhlizə gəlincə, Qazaxıstan öz logistika axınlarını şaxələndirməyə çalışır. Neftdən danışsaq, Qazaxıstan neftinin 90 faizdən çoxu Rusiya ərazisindən keçən Xəzər boru kəməri konsorsiumu vasitəsilə nəql olunur və daha sonra Novorossiysk limanında yüklənərək göndərilir. Lakin geosiyasi və iqtisadi qeyri-sabitlik artır, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır”, – deyə ekspert qeyd edib.

Niqmanov əlavə edib ki, təbii fəlakətlər – fırtınalar və digər fors-major hallar səbəbindən neftin daşınmasının dayandırıldığı hallar da olub. Bu səbəbdən Qazaxıstan birtərəfli asılılığını azaltmaq və alternativ nəqliyyat marşrutlarını inkişaf etdirməkdə maraqlıdır.

“Bundan başqa, qeyri-neft məhsullarına baxdıqda iqtisadi və geosiyasi qeyri-sabitlik də mənfi təsir göstərir. Rusiya Federasiyası ilə Avropa İttifaqı və ABŞ ölkələri arasında tətbiq edilən sanksiyalar, məhdudiyyətlər və embarqolar ərzaq məhsullarından tutmuş gündəlik istehlak mallarına qədər müxtəlif məhsulların tədarükü üçün alternativ marşrutlar axtarmaq zərurəti yaradır. Bu kontekstdə Orta Dəhliz mühüm rol oynayır”,- deyə o bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin potensialının gerçəkləşməsində Azərabycan və Qazaxıstan mərkəzi rol oynayırlar.

“Qırğızıstan, Özbəkistan və digər ölkələrin ərazilərindən keçən daha cənub alternativ marşrutlar mövcuddur. Bununla belə, mənim fikrimcə, əsas əhəmiyyət Qazaxıstanın üzərində qalacaq, çünki burada yalnız bir sərhəd keçilir, bir neçəsi deyil. Üstəlik, Qazaxıstan ərazisində marşrutun böyük hissəsi düzənliklər və yarımsəhra sahələrindən keçir, bu da dəmir yolu infrastrukturunun qurulmasını xeyli asanlaşdırır. Cənub marşrutlarında isə mürəkkəb dağ relyefi logistikanı əhəmiyyətli dərəcədə çətinləşdirir. Qərb istiqamətində isə Azərbaycan və Bakı limanı mühüm rol oynayır”, - deyə Niqmanov vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında mərkəzi rol oynayır.

“Ölkə Qazaxıstan və Özbəkistan kimi şərq dövlətləri ilə Türkiyə kimi qərb ölkələri arasında birləşdirici halqa rolunu oynamağa çalışır. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır, çünki o, TDT tədbirlərində və ikitərəfli görüşlər zamanı mütəmadi olaraq gündəmə gətirilir”,- deyə o bildirib.

Niqmanov həmçinin Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi probleminə toxunub.

“Qazaxıstan Prezidenti bu məsələni dəfələrlə, o cümlədən BMT Baş Assambleyasının son ümumi müzakirələrində qaldırıb. Əsas təhlükə ondan ibarətdir ki, Xəzərin səviyyəsi azalmağa davam edərsə, bu, Orta Dəhlizin inkişafını ciddi şəkildə təhlükə altına qoyacaq. İlk növbədə bu, liman infrastrukturuna mənfi təsir göstərəcək – su səviyyəsinin azalması ya kiçik yükgötürmə qabiliyyətli gəmilər və tankerlərin istifadəsini, ya da əlavə dibdərinləşdirmə işlərinin aparılmasını zəruri edəcək. Bu isə əlavə xərclərə və limanların istismarında çətinliklərə gətirib çıxaracaq. Mənim fikrimcə, Xəzəryanı bütün ölkələr Xəzərin Aral dənizinin taleyini yaşamaması üçün maksimum səy göstərməlidir”, - deyə ekspert qeyd edib.

Ekspertin fikrincə, qarşıdakı Qazaxıstan-Azərbaycan biznes-forumu ənənəvi olaraq logistika və qarşılıqlı investisiyalar məsələlərinə fokuslanacaq.

“Bu, ilk növbədə Qazaxıstanın təkcə ticarət-iqtisadi axınlarını deyil, həm də daxili iqtisadiyyatını şaxələndirmək istəyindən irəli gəlir. Təəssüf ki, ölkə hələ də enerji resurslarından və faydalı qazıntıların, xüsusilə metallarin ixracından güclü şəkildə asılı vəziyyətdədir. Buna görə də Qazaxıstan inkişaf üçün alternativ yollar axtarır və logistika bu strategiyalardan birinə çevrilib”, – deyə o vurğulayıb.

Bundan əlavə, ekspert bildirib ki, Qazaxıstan beynəlxalq səviyyədə bu sahəyə investisiyaların cəlb olunması üçün böyük səylər göstərir. Xüsusilə son iki il ərzində ABŞ-a edilən iki səfər nəticəsində amerikalı “Webtec” şirkəti ilə mühüm razılaşmalar əldə olunub. İlkin mərhələdə 1 milyard dollarlıq investisiya layihəsi həyata keçirilib, hazırda isə lokomotiv və vaqonların tədarükünə dair 4,2 milyard dollarlıq yeni müqavilə imzalanıb.

Ekspert onu da vurğulayıb ki, “yaşıl” enerji əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

“Yaxınlarda prezidentimiz bu istiqamətə tənqidi yanaşaraq bəzi hallarda onun böyük fırıldaq təsiri bağışladığını bildirdi. Bununla belə, bu, Qazaxıstanın karbon neytrallığına nail olmaq istəyini və öz ərazisində alternativ enerji mənbələrinin inkişafına dair axtarışlarını aradan qaldırmır. Artıq formalaşmış üçtərəfli sazişlər və Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi baza nəzərə alınaraq, bu istiqamətdə işi davam etdirmək və genişləndirmək məntiqli görünür”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti