Bakı. Trend:
2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.
Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.
Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.
Bildiririk ki, ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.
Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davam etdiriləcək.