Bişkek. Trend:
Qırğızıstanda Azərbaycan-Qırğızıstan İnkişaf Fondu ilə “Orion Grand” MMC arasında investisiya sazişi imzalanıb.
Trend Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir ki, sənəddə sənəd ölkədə ilk müasir kovrolin istehsalı müəssisəsinin inşasının maliyyələşdirilməsini nəzərdə tutur. Bu günə qədər sözügedən məhsul tamamilə xaricdən idxal edilirdi.
İstehsalın başlanmasının təkcə idxaldan asılılığı azaltmayacağı, həmçinin yeni iş yerlərinin yaradılmasına və Qırğızıstanın sənaye potensialının gücləndirilməsinə imkan verəcəyi gözlənilir.
Layihənin ümumi dəyəri 3,2 milyon ABŞ dollarıdır. Bunun 1 milyon dolları Azərbaycan-Qırğızıstan İnkişaf Fondu tərəfindən təmin ediləcək.
Yeni müəssisənin məhsulları həm daxili bazara, həm də bölgə ölkələrinə, o cümlədən Özbəkistan, Tacikistan və Azərbaycana ixrac ediləcək.