Bakı. Trend:
İsrail minatəmizləmə sahəsində Azərbaycanla təcrübəsini bölüşmək imkanını nəzərdən keçirir.
Bunu Trend-ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.
“Keçən həftə mən ilk dəfə Qarabağa səfər etdim, bizə minalanmış və minalardan təmizlənmiş əraziləri göstərdilər. Minalərin yerli əhalinin həyatına necə dağıdıcı təsir göstərdiyini öz gözlərimlə gördüm. Həmin ərazilər təmizlənməli və təhlükəsiz hala gətirilməlidir ki, günahsız insanların həlak olmasının qarşısı alınsın. Bu, ciddi problemdir və onun həlli vacibdir. Səfir kimi səlahiyyətlərim çərçivəsində İsrailin öz təcrübəsini bölüşə biləcəyi əməkdaşlıq platformaları tapmağa çalışacağam, çünki bizim də ölkəmizin bəzi bölgələrində mina problemi mövcuddur və biz onların zərərsizləşdirilməsi istiqamətində fəal işləyirik. Ümid edirəm ki, gələcəkdə bilik mübadiləsini və birgə fəaliyyəti inkişaf etdirə biləcəyik ki, vətəndaşlarımızı bu təhlükədən qoruyaq”,- deyə səfir qeyd edib.
Diplomat, həmçinin İsrail və Azərbaycanın enerji sektorunda da fəal əməkdaşlıq etdiyini vurğulayıb.
“SOCAR "Tamar" layihəsində 10 faiz pay əldə edib və Aralıq dənizində qaz hasilatında da iştirak edəcək. Ümid edirəm, bu əməkdaşlığın inkişafı davamlı olacaq və İsrail ilə Azərbaycan arasında enerji sahəsində əlaqələr daha da möhkəmlənəcək”, - deyə Ronen Kraus bildirib.