Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İran İslam Respublikasına 20,923 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 594 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 80 min ABŞ dolları və ya 11,9%, həcm ifadəsi ilə 2,830 milyon kVt/saat, yaxud 11,9% azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk səkkiz ayı ərzində İrandan Azərbaycana 619 min ABŞ dolları dəyərində, 21,795 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 min ABŞ dolları və ya 4,2%, həcm ifadəsində isə 951 min kVt/saat və ya 4,2% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,8 milyon ABŞ dolları və ya 8,3%, 98,8 milyon kVt/saat və yaxud 10% azalma deməkdir.
Eyni zamanda hesabat dövründə üç ölkədən - Rusiya, Gürcüstan və İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində 115,6 milyon kVt/saat elektrik enerjisi idxal edilib. Bu isə ötən ilin ilk 8 ayındakı göstəriciyə nisbətən dəyər baxımından 26 min ABŞ dolları və ya 0,5%, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və yaxud 6,2% azdır.