Vaşinqton. Trend:
"GL Group" şirkəti Azərbaycanda və onun hüdudlarından kənarda neft və qaz sektorundakı fəaliyyətini genişləndirməkdə maraqlıdır.
Bunu Trend-ə "GL Group" şirkətinin Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə baş vitse-prezidenti Qilbert Boyler Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransının kənarında bildirib.
Onun sözlərinə görə, şirkət fəaliyyət göstərdiyi bütün ölkələrdə, o cümlədən Azərbaycanda genişlənmək niyyətindədir.
“Biz fəaliyyət göstərdiyimiz hər yerdə, o cümlədən Azərbaycan da daxil olmaqla, genişlənməkdə həmişə maraqlıyıq. Biz Azərbaycanın neft-qaz sektorunun gələcəyinə çox nikbin yanaşırıq və əminik ki, onun uğurlu bir hissəsi olacağıq”, – deyə Q.Boyler bildirib.
O, şirkətin regiondakı strategiyasını izah edərək qeyd edib ki, əsas məqsədlərdən biri mövcud aktivlərin genişləndirilməsi və inkişaf etdirilməsidir.
“Birincisi, mövcud aktivlərimizi genişləndirməyə və inkişaf etdirməyə davam etmək niyyətindəyik. İkincisi, əlavə əldə etmə imkanları axtarmaqdır. Üçüncüsü isə bunu təkcə Azərbaycanda deyil, həm də bütün regionda hərtərəfli şəkildə həyata keçirməkdir”, – deyə o vurğulayıb.
Q.Boyler şirkətin əməliyyatlarında texnologiyanın rolunun mühüm olduğunu bildirib. Onun sözlərinə görə, yataqların rəqəmsallaşdırılması əməliyyat və qazma proseslərini optimallaşdırmağa, eləcə də quyuların səmərəliliyini artırmağa imkan verir.
Şirkət həmçinin qabaqcıl modelləşdirmə və qazma metodlarından istifadə edir. Bildirilib ki, idarə olunan yataqlar üzrə 3D geoloji və 3D rezervuar modelləri qurulub və planlaşdırma prosesində tətbiq olunur.
Bundan əlavə, qazma texnologiyaları da təkmilləşdirilir. Bu çərçivədə lay üçün daha az zərərli istiqamətli qazma üsullarından və neft əsaslı qazma mayelərindən istifadə olunur ki, bu da quyuların məhsuldarlığının artmasına imkan yaradır.
Q.Boyler şirkətin yanaşmasını “sürünmək, gəzmək, qaçmaq” prinsipi ilə izah edib. Onun sözlərinə görə, hazırda həyata keçirilən tədbirlər hasilatın azalmasını azaltmağa, hasilatı sabitləşdirməyə və gələcək artım üçün zəmin yaratmağa yönəlib.
“Biz Azərbaycanda neft və qaz hasilatının uğurlu artımının bir hissəsi olmaq istəyirik və hesab edirik ki, bu prosesdə rolumuzu daha da artıracağıq”, – deyə o əlavə edib.
