Bakı.Trend:
Son zamanlar Azərbaycan tarixi ilə bağlı çoxsaylı monumental əsərlər yazılır. Lakin istərdim ki, bu əsərlərlə yanaşı, gənclər üçün broşür formatında da nəşrlər hazırlansın. Bu, gənclərimizin tariximizi daha asan və əlçatan şəkildə öyrənməsinə kömək edər.
Trend xəbər verir ki, bu fikirləri bu gün tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənov müəllifi olduğu “Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Gənclər Fondunun rəhbərliyi ilə broşür həcmində əsərlərin hazırlanması barədə qərar verilib. Bu nəşrlərdə, məsələn, Atropatena dövlətinin necə yarandığı, hansı xalq tərəfindən və hansı tarixi şəraitdə formalaşdığı kimi məsələlər qısa və aydın şəkildə izah olunacaq.
Tarixçi-alim bildirib ki, tarixi bütün detalları ilə öyrənmək mütəxəssislərin işidir. Gənclərin isə ən azı ilkin məlumatları bilməsi üçün belə broşürlər faydalı ola bilər. Onun sözlərinə görə, Atropatena adlı dövlət mövcud olub və həmin “Atropatena” sözü zamanla dəyişərək bu gün “Azərbaycan” adı formasında həyatımızda yaşamaqdadır.
Həsən Həsənov əlavə edib ki, kitabın yazılmasında əsas məqsəd dövlətimizin nə vaxt, hansı xalq tərəfindən və hansı tarixi şəraitdə yarandığı barədə oxuculara məlumat verməkdir.
