Bakı. Trend:
Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq aeroportu yaxınlığına iki İran pilotsuz uçuş aparatı düşüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hücum nəticəsində dörd nəfərin yaralandığı bildirilir.
Dubay Media İdarəsi (Dubai Media Office) yaralananlardan ikisinin Qana vətəndaşı, birinin Banqladeş vətəndaşı olduğunu və aldıqları xəsarətlərin yüngül olduğunu açıqlayıb. Dördüncü zərərçəkən isə hindistanlıdır və onun orta-dərəcəli xəsarət aldığı deyilir.
Dron hücumlarına rəğmən aeroportun uçuşları davam etdirdiyi qeyd olunur.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
