Bakı. Trend:
Britaniya polisi bir qrup ictimai fəalın bazar günü Londonun mərkəzində keçirməyi planlaşdırdığı İrana-dəstək yürüşünü qadağan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Polis idarəsi bunu Yaxın Şərqdəki münaqişə və fərqli cəbhələr arasında olan gərginliklə əlaqələndirərək, yürüş zamanı İran əleyhdarlarının da aksiya keçirə biləcəyi və toqquşma ehtimalının olduğunu bildirib.
Məlumata görə, İrana dəstək aksiyası İranyönümlü olduğu deyilən İslam İnsan Haqqları Komissiyasının hər il keçirdiyi “Qüds” yürüşü çəçrivəsində planlaşdırılırdı.
Polisin yaydığı bəyanatda deyilir: “Yaxın Şərqdəki qeyri-sabit vəziyyətin etiraz aksiyalarına mümkün təsirini nəzərə almışıq. İran rejimi Britaniyanın müttəfiqlərinə və xaricdə yerləşən hərbi bazalara hücum edir.Biz təhlükəsizlik xidmətlərinin Böyük Britaniya ərazisində İran rejimindən qaynaqlanan təhdidlər barədə açıq xəbərdarlıqlarını da nəzərə almalıyıq”.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
