Bakı. Trend:
Bu ilin iki ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada
172 675 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilir ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29% idisə, cari ilin müvafiq dövründə bu rəqəm 42%-ə yüksəlib.
Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
