Bakı. Trend:
Hörmüz boğazı yaxınlığında vurulan gəmilərin sayı 3-ə çatıb.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Hücuma məruz qalan son gəminin Tayland bayrağı altında üzən “Mayuree Naree” konteyner gəmisi olduğu deyilir.
Məlumata görə, “Mayuree Nare” Oman sahillərindən təxminən 12 mil (19 km) şimalda vurulub və nəticədə gəminin göyərtəsində yanğın baş verib.
Bundan əvvəl Yaponiya bayrağı altında üzən “One Majesty” adlı konteyner gəmisi BƏƏ-nin Ras əl-Xeymə liman şəhərindən təxminən 29 dəniz mili (47 km) şimalda hücuma məruz qalmışdı. Mərmi gəminin gövdəsində 10 sm-lik (4 düym) deşik alıb və hazırda limana doğru istiqamət götürüb.
Digər gəmi – Marşall Adaları bayrağı altında üzən “Star Gwyneth”adlı quru yük gəmisidir. Naməlum mənbədən endirilən zərbə nəticəsində gəminin gövdəsi Dubaydan təxminən 57 mil (92 km) şimalda zədələnib, ekipaj üzvlərinin sağ qaldığı bildirilir.
xxx
11:26
Hörmüz boğazında yük gəmisi yanır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hansı şirkətə məxsus olduğu və hansı ölkənin bayrağı altında üzdüyü hələlik dəqiqləşdirilməyən gəminin hücuma məruz qaldığı bildirilir. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi gəmiyə hücum nəticəsində göyərtədə yanğının meydana gəldiyi və ekipaj üzvlərinin təxliyə olunmağa başladığını bildirib. Gəmiyə dron yoxsa raketlə hücum olduğu açıqlanmır.
Bundan əvvəl rəsmi Tehran ABŞ və İsrailin hücumları ilə əlaqədar Hörmüz boğazı ilə neftin daşınmasını əngəlləyəcəyini bəyan etmişdi.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
