Bakı. Trend:
İsveçrənin qərbindəki Kerzers şəhərində avtobusda baş verən yanğın nəticəsində azı altı nəfər həlak olub, daha üç nəfər isə xəstəxanaya yerləşdirilib.
Trend xəbər verir ki, bu barədə "Associated Press" yerli polisə istinadən məlumat yayıb.
Polis nümayəndəsi Frederik Paponun sözlərinə görə, qəsdən törədilmiş akt versiyası nəzərdən keçirilir, lakin yekun nəticələr istintaq başa çatdıqdan sonra məlum olacaq.
Bildirilib ki, yanmış avtobus milli poçt xidmətinin strukturuna daxil olan "PostBus" şirkətinə məxsus olub. Hadisə yerinə gələn xilasetmə xidmətləri avtobusu tamamilə alov içində aşkar ediblər.
Polisin məlumatına görə, ağır xəsarət alan üç nəfər xəstəxanalara çatdırılıb, daha iki zərərçəkmişə isə hadisə yerində tibbi yardım göstərilib.
Hadisə ilə bağlı prokurorluq araşdırmaya başlayıb.
