...

İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb - Səfirlik

Hadisə Materials 10 Mart 2026 18:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi:

"Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata “Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib. Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil olmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4” əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri vurub. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, münaqişənin ilk günlərində İran regiondakı hədəflərə təxminən 500 ballistik raket və 2000-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi olub.

8 martda İranın Ekspertlər Məclisi səs çoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

Son məlumatlara görə, İranın regiondakı ABŞ və müttəfiq obyektlərinə zərbələri nəticəsində ən azı 7 ABŞ hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb. Onlardan altısı Küveytdə ABŞ bazasına edilən dron hücumu zamanı, biri isə Səudiyyə Ərəbistanında aldığı ağır yaralardan sonra ölüb.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti