Bakı. Trend:
Aparılan yeni araşdırmalar göstərir ki, iki il ərzində hər gün multivitamin qəbul etmək bioloji qocalmanın bəzi göstəricilərini ləngidir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumatlara görə, ABŞ-də aparılan araşdırmada orta yaşı təxminən 70 olan 958 sağlam iştirakçı iştirak edib. Onlar dörd qrupa bölünüb və iki il ərzində ya multivitamin, ya kakao ekstraktı, ya da plasebo qəbul ediblər. Tədqiqat zamanı iştirakçıların qan nümunələri analiz olunaraq epigenetik saat adlandırılan bioloji qocalma göstəricilərində dəyişikliklər araşdırılıb.
Nəticələr göstərib ki, multivitamin qəbul edən iştirakçılarda epigenetik saatlardan ikisi üzrə bioloji qocalma tempi plasebo qəbul edənlərlə müqayisədə daha yavaş olub. Alimlərin hesablamalarına görə, bu təsir iki il ərzində bioloji qocalmanın təxminən dörd ay azalmasına bərabərdir.
Araşdırmanın müəlliflərindən olan epidemioloq doktor Hovard Sesso bildirib ki, bu nəticələr bütün yaşlı insanların mütləq multivitamin qəbul etməli olduğu anlamına gəlmir. Onun sözlərinə görə, multivitaminlərin zərəri ilə bağlı ciddi risk məlum olmasa da, kimin və hansı hallarda daha çox fayda əldə edəcəyi hələ də dəqiq müəyyən edilməyib.
Eyni zamanda bəzi mütəxəssislər nəticələrin çox məhdud olduğunu qeyd edirlər. Tədqiqat göstərib ki, kakao ekstraktı bioloji qocalmaya təsir göstərmir və multivitaminlə birlikdə əlavə effekt yaratmır.
Alimlər vurğulayırlar ki, multivitaminlərin müşahidə olunan təsirinin real klinik faydalarla əlaqəsini müəyyən etmək üçün daha geniş araşdırmalara ehtiyac var. Bir sıra mütəxəssislər isə sağlam qidalanmanın – xüsusilə meyvə və tərəvəzlə zəngin pəhrizin – vitamin əlavələrindən daha faydalı olduğunu bildirirlər.
İspaniyalı alim Pilar Guallar Kastilyon insanlara vitamin əlavələrinə pul xərcləməkdənsə, balanslı və müxtəlif qidalanmağa üstünlük verməyi tövsiyə edib.
Qeyd edək ki, bioloji yaş insanın orqanizminin faktiki vəziyyətini göstərir və çox vaxt DNT metilləşməsi adlanan prosesdə baş verən dəyişikliklər əsasında müəyyən edilir. Bu dəyişikliklər yaş artdıqca toplanır və genlərin fəaliyyətinə təsir göstərir.
