Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb.
Trend xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalı rayonunun Xanabad kəndinə isə 21 ailə (103) nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
