Vaşinqton. Trend:
“GL Group” şirkəti ABŞ-nin neft yataqlarında əməliyyatlarını genişləndirməyi planlaşdırır.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu şirkətin Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə baş vitse-prezidenti Qilbert Boyler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.
Qilbert Boyler qeyd edib ki, yaxın zamanda şirkətin ABŞ-də neft yataqları əməliyyatları sektoruna genişlənməsi ilə bağlı elan veriləcək.
“Biz prinsiplərimizi, standartlarımızı və təcrübəmizi qorumaq, eyni zamanda əməliyyatlarımızın əsasını Azərbaycanda saxlamaq istəyirik. Etdiyimiz işlərin çoxu Azərbaycan və ABŞ arasında əməkdaşlığa yönəlib”, – deyə o bildirib.
Onun sözlərinə görə, şirkət son illərdə Azərbaycanda onilliklərdir fəaliyyətdə olan mövcud yataqları optimallaşdırmaq, quyuların səmərəliliyini, əməliyyat effektivliyini və xərc intizamını artırmaq istiqamətində çalışır.
“Bu prosesdə əsas element tədqiqat və inkişafdır (R&D). Biz yeni metodlar, texnologiyalar və yanaşmalar araşdırır, prototiplər yaradır və performansı artırmaq üçün onları sınaqdan keçiririk. Biz texnologiyaları sıfırdan yaratmırıq, əksinə ABŞ-də uğurla hazırlanmış texnologiyalardan istifadə edir, onları Azərbaycan şəraitinə uyğunlaşdırır və əməliyyatları optimallaşdırırıq”, – deyə o əlavə edib.
