...

İranın səhiyyə sektoruna ciddi şəkildə ziyan dəyib – Mohacerani

Dünya xəbərləri Materials 10 Mart 2026 12:32 (UTC +04:00)
İranın səhiyyə sektoruna ciddi şəkildə ziyan dəyib – Mohacerani
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevraldan bu günə qədər ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində səhiyyə sektoruna ciddi şəkildə ziyan dəyib.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günə qədər 52 səhiyyə məntəqəsi, 29 müalicə, 19 təcili yardım məntəqəsi və 16 təcili yardım maşınına hücum edilib.

Mohacerani əlavə edib ki, 4 təcili yardım maşını və 1 ədəd təcili yardım helikopteri tam şəkildə məhv olub.

Hökumət rəsmisi qeyd edib ki, İrana hərbi hava hücumları nəticəsində 11 tibb əməkdaşı ölüb.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata “Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib. Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil olmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4” əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri vurub. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, münaqişənin ilk günlərində İran regiondakı hədəflərə təxminən 500 ballistik raket və 2000-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi olub.

8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

Son məlumatlara görə, İranın regiondakı ABŞ və müttəfiq obyektlərinə zərbələri nəticəsində ən azı 7 ABŞ hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb. Onlardan altısı Küveytdə ABŞ bazasına edilən dron hücumu zamanı, biri isə Səudiyyə Ərəbistanında aldığı ağır yaralardan sonra ölüb.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti