Vaşinqton. Trend:
Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası (USACC) tərəfindən təşkil olunan ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı keçirilir.
Bu barədə Trend- in xüsusi müxbiri məlumat verir.
Konfransın mövzusu "ABŞ-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarları Birləşdirməklə Gələcəyi Formalaşdırmaq"dır.
Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyi münasibətilə keçirilən konfrans ABŞ və Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini, investorları və maliyyə sektorunun təmsilçilərini bir araya gətirib.
Tədbir USACC-nin icraçı direktoru Natiq Baxışovun salamlama nitqi, USACC İdarə Heyətinin sədri Reza Vəzirinin və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin çıxışları ilə başlayıb.
Tədbir çərçivəsində ikitərəfli ticarətin və strateji əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş əsas sessiya, həmçinin texnologiyaların inkişaf amili kimi rolu, enerji infrastrukturu və ABŞ ilə Azərbaycan arasında maliyyə əməkdaşlığının gücləndirilməsi mövzularında panel müzakirələri keçiriləcək.
Konfrans iştirakçıları arasında Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, ABŞ Ticarət Departamentində Sənaye və təhlükəsizlik üzrə katib müavini Ceffri Kessler, Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov, ABŞ Dövlət Departamentində enerji və kritik minerallar məsələləri üzrə katib köməkçisinin müavini Reci Sinqh, SOCAR-ın Prezidenti Rövşən Nəcəf, SOCAR-ın Vitse-prezidenti Əfqan İsayev, “U.S. International Development Finance Corporation” (DFC)-nin idarəedici direktoru Kennet Encel, USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya üzrə regional direktoru Karl Kress, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov yer alır.
Panel müzakirələrində həmçinin “McLarty Associates”, “Honeywell”, “NEQSOL Holding”, “Visa”, “Bechtel”, “AECOM”, “Nobel Energy Americas” və ABŞ-nin Exim bankın yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə “HAIMAKER.AI” Inc şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosistemin yaradılması üzrə potensial tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçiriləcək. Sənədi Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və “HAIMAKER.AI Inc” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Su Le imzalayacaqlar.
Konfransın əsas məqamlarından biri də ikitərəfli ticarətin və iqtisadi əməkdaşlığın inkişafına töhfə verən şirkət və təşkilatların mükafatlandırılması mərasimi olacaq.
USACC təsis edildiyi vaxtdan (1995-ci ildən) ABŞ və Azərbaycan arasında ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün aparıcı platforma rolunu oynayır. Palata son 30 il ərzində dövlət və özəl sektorlar arasında dialoqun qurulmasında, ticarətin təşviqində, biznesin şaxələndirilməsində və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.
Xəbər yenilənəcək
