Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə BMT-nin baş katibinin ofisi məlumat yayıb.
Məlumata görə, Quterreş telefon danışığı zamanı Yaxın Şərq münaqişəsinin yayılması və onun qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlığını bildirib.
“Tərəflər regionda mövcud hərbi eskalasiyanı müzakirə ediblər. Baş katib əvvəlki açıqlamalarında ifadə etdiyi mövqeyi təkrarlayıb. O, bütün tərəflərin beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa hörmət etməsinin, mülki şəxslərə və mülki infrastruktura hücum etməkdən çəkinməsinin vacibliyini vurğulayıb. Həmçinin mövcud münaqişənin regional yayılmasından və onun qlobal iqtisadiyyata təsirindən narahatlığını bildirib”, – deyə məlumatda qeyd olunub.
