...

"EXIM Bank" Azərbaycan bazarında fəaliyyətini genişləndirməyi planlaşdırır

İqtisadiyyat Materials 10 Mart 2026 23:34 (UTC +04:00)
"EXIM Bank" Azərbaycan bazarında fəaliyyətini genişləndirməyi planlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı Azərbaycan bazarında böyük uğurlar qazanıb və fəaliyyətini daha da genişləndirməyi gözləyir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Amerika "EXIM Bank"ın vitse-prezidenti Benjamin Todd Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.

Onun sözlərinə görə, "EXIM Bank" həm uzunmüddətli layihələri, həm də qısamüddətli ticarət sövdələşmələrini maliyyələşdirə bilir və hər iki istiqamətdə Azərbaycanda kifayət qədər aktivdir.

“Hazırda təxminən 630 milyon dollarlıq kredit öhdəliklərimiz var və böyümə üçün əhəmiyyətli potensial görürük. Qlobal miqyasda bankın kredit öhdəlikləri təxminən 45 milyard dollar təşkil edir və təxminən 135 milyard dollar həcmində kredit verməyə hazırıq. Ümid edirəm ki, bu məbləğ icmalın nəticələrindən asılı olaraq bu il daha da artacaq”, – deyə o bildirib.

Benjamin Todd qeyd edib ki, "EXIM Bank" müxtəlif iqtisadi sahələrdə yeni imkanlar axtarmağa davam edir.

“Sədrimizin bankın gələcəyi ilə bağlı müəyyən etdiyi vizyon var və o, Azərbaycanın da yaxşı mövqedə olduğu üç əsas sektora diqqət yetirir. Bunlardan biri enerji sektorunda liderlik və karbohidrogen sahəsinə dəstəkdir. Biz enerji sənayesinin mərkəzində olmaq və vacib minerallar da daxil olmaqla etibarlı təchizat zəncirlərinin təmin olunmasına töhfə vermək istəyirik”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bank vacib minerallar sahəsində dəstək imkanlarını və çevikliyini əhəmiyyətli dərəcədə genişləndirib.

“Növbəti istiqamətlər isə sənaye sahəsi, ilk növbədə süni intellekt, eləcə də kosmik və digər yüksək texnologiyalı ixracdır”, – deyə Benjamin Todd əlavə edib.

Xəbər lenti

Xəbər lenti