Vaşinqton. Trend:
ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) prioritet sektorlara uyğun layihələri müəyyənləşdirmək məqsədilə Cənubi Qafqazda əsas maraqlı tərəflərlə təmasdadır.
Bu barədə Trend-ə Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində DFC-dən məlumat verilib.
Qeyd edək ki, DFC ABŞ hökumətinin beynəlxalq investisiya qurumudur və dünya üzrə strateji layihələrə kapitalın cəlb edilməsi üçün özəl sektorla əməkdaşlıq edir.
Korporasiyada bildirilib ki, onlar Cənubi Qafqazda özəl sektorun rəhbərlik etdiyi sülh gündəliyinin həyata keçirilməsinə, Orta Dəhliz məqsədlərinə nail olunmasına və Amerika şirkətləri üçün imkanların yaradılmasına töhfə verən layihələri dəstəkləmək üçün bütün mövcud alətlərdən istifadə etməyə hazırdırlar.
“2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasına, həmçinin hər iki ölkə ilə bir sıra prioritet istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə ikitərəfli anlaşma memorandumlarının imzalanmasına vasitəçilik edib. Bu istiqamətlərə iqtisadi investisiyaların təşviqi və regional infrastrukturun inkişafı, o cümlədən enerji, tranzit və rəqəmsal layihələr daxildir. DFC prioritet sahələrə uyğun layihələri müəyyənləşdirmək üçün regionun dövlət və özəl sektor nümayəndələrinin geniş dairəsi ilə dialoq aparır”, — deyə korporasiya nümayəndəsi qeyd edib.
Daha əvvəl ABŞ biznes nümayəndə heyətinin Orta Dəhliz regionuna səfərindən sonra DFC-nin idarəedici direktoru Kennet Encel ABŞ-nin məqsədinin dəhlizin fəaliyyətinin səmərəliliyini artırmaq olduğunu vurğulamışdı. O, dəhlizin inkişafı üçün yeni imkanların açılacağına ümid etdiyini bildirib və Azərbaycan ilə Ermənistan arasında gələcək sülh sazişinin əsas elementlərindən biri kimi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) qeyd edib.
“ABŞ hökuməti Azərbaycan üzrə ixracın dəstəklənməsi, texniki-iqtisadi əsaslandırma tədqiqatlarının aparılması və investisiyalar sahəsində maliyyə alətləri təqdim etməyə hazırdır”, - deyə o əlavə edib.
Bundan savayı, DFC-nin investisiyalar üzrə rəhbəri Konor Koulman daha əvvəl bildirib ki, korporasiya təhlükəsiz strateji investisiya dəhlizlərinin və iqtisadi zonaların yaradılması üzərində çalışır. Bu da Orta Dəhlizin inkişafı ilə sıx bağlıdır. Onun sözlərinə görə, Transxəzər dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsas istiqamətlərdən biridir.
“ABŞ hökuməti Azərbaycan üzrə ixracın dəstəklənməsi, texniki-iqtisadi əsaslandırma tədqiqatlarının aparılması və investisiyalar sahəsində maliyyə alətləri təqdim etməyə hazırdır”, - deyə o əlavə edib.
