Bakı. Trend:
Xaçmaz rayonunun Qusarçay kəndində Novruz bayramının mənəvi rəmzi olan Yel çərşənbəsi qədim adət-ənənələrimizə sədaqətlə, yüksək səviyyədə qeyd olunub. “Yelin nəfəsi – baharın müjdəsi” adlı tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, şəhid ailələri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbir bayram tonqalının alovlandırılması ilə başlayıb. Uşaqlar tonqal ətrafında yallı gediblər. Kosa və Keçəlin şən zarafatları, maraqlı səhnəcikləri iştirakçılarda xoş ovqat yaradıb. Ənənəvi Novruz süfrəsi – şəkərbura, paxlava, qovurğa və səməni ilə bəzədilmiş xonçalar bayramın rəngarəngliyini artırıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Yel çərşənbəsi münasibətilə təbrik edərək, bu mərasimin xalqımızın əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Yel çərşənbəsi təbiətin oyanışını, küləyin müjdəçilik missiyasını, həmçinin birlik və həmrəylik ruhunu təcəssüm etdirir.
Bayram proqramı folklor kollektivlərinin çıxışları, milli oyunlar və xalq mahnıları ilə davam edib. Qusarçay kənd sakinləri belə tədbirlərin gənc nəslin milli-mənəvi tərbiyəsində, vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını bildiriblər.
Beləliklə, Qusarçayda Yel çərşənbəsi təkcə bayram sevinci deyil, həm də köklərimizə sahib çıxmaq, ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün əlamətdar bir fürsət olub. Torpaq çərşənbəsinə doğru addımlayan xalqımız bu müqəddəs günlərdə birliyini, dostluğunu və bayram əhval-ruhiyyəsini bir daha nümayiş etdirib.