Vaşinqton. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) geotermal layihələrin hazırlanması üçün tərəfdaşlar axtarır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu bu gün Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında "Enerji infrastrukturu və enerji gələcəyinə kapital axını" mövzusunda panel müzakirəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib.
"Regionda ilk dəfə olaraq enerji resurslarının işlənməsinin qeyri-ənənəvi metodlarını araşdırmaqda maraqlıyıq. Buna görə də ExxonMobile ilə birlikdə həm hidravlik qırılma, həm də qeyri-hidravlik qırılmanı araşdırırıq. Beləliklə, ölkə ərazisinin təxminən 20%-i Exxon ilə əməkdaşlıq çərçivəsində bu tip layihələrlə əhatə olunacaq. Quruda mütəxəssislərlə birlikdə hidravlik qırılma və qeyri-hidravlik qırılmanı öyrənirik. Müəyyən ekoloji problemlərin fərqindəyik. Bu ekoloji problemləri də həll edə bilərik. Onlara ideya və texnologiyalar təqdim etməyə davam edəcəyik", o deyib.
İsayev qeyd edib ki, Amerika şirkətləri tərəfindən istifadə edilən hidravlik qırılma texnologiyası geotermal enerjidə də tətbiq oluna bilər.
"Biz neft hasilatı üçün geotermal layihələr həyata keçirməmişik. Amma yenə də bununla maraqlanırıq. Və geotermal enerjini birgə inkişaf etdirmək üçün səhmdarlar kimi bizə qoşula biləcək tərəfdaşlar axtarırıq", - o əlavə edib.
