Vaşinqton. Trend:
200-dən çox Amerika şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu bu gün Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.
"Otuz il əvvəl Amerika şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında fundamental rol oynayıblar. Bu gün tərəfdaşlığımızın növbəti fəslini yazmaq, enerjidən texnologiyaya, infrastruktura, logistikaya, sənaye inkişafına və rəqəmsal transformasiyaya qədər əməkdaşlığı genişləndirmək imkanına sahibik.
Məqsədimiz aydındır: ölkələrimiz arasındakı güclü siyasi impulsu konkret investisiya layihələrinə, dərinləşdirilmiş iqtisadi əməkdaşlığa və uzunmüddətli strateji tərəfdaşlığa çevirmək. Son aylarda Azərbaycan və ABŞ arasında münasibətlərdə əhəmiyyətli dərəcədə sürətlənmə müşahidə olunub. Prezident İlham Əliyevin 2025-ci ilin avqust ayında Vaşinqtona səfəri əməkdaşlığımızın yeni mərhələsini açıb", - əliyev deyib.
O qeyd edib ki, ABŞ və Azərbaycan arasında əməkdaşlığın dərinliyinə baxmayaraq, mövcud iqtisadi fəaliyyət səviyyəsi hələlik iki ölkənin potensialını tam əks etdirmir.
"Ötən il ikitərəfli ticarət həcmi təxminən 1,6 milyard dollara çatıb və 200-dən çox Amerika şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. ABŞ-ın Azərbaycana birbaşa xarici investisiyaları bu günə qədər təxminən 19 milyard dollara çatıb ki, bu da davamlı Amerika təcrübəsinin, texnologiyasının və investisiyasının bu potensialın açılmasında mühüm rol oynaya biləcəyini göstərir", - o əlavə edib.
