Vaşinqton. Trend:
Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq şaxələndirilmiş maliyyələşdirmənin təşviqinə yönəlib.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında çıxışı zamanı bildirib.
Ruslan Xəlilov Bakı Fond Birjasının Azərbaycanda iri infrastruktur layihələrinin maliyyələşdirilməsindəki rolunu vurğulayaraq qeyd edib ki, hazırda bu layihələrin bir çoxu beynəlxalq maliyyə institutlarının və ya yerli və xarici bankların sindikatlarının maliyyəsinə əsaslanır.
“Məqsədimiz maliyyə aktivlərinin idarə olunmasından məsul olan maliyyə institutları, şirkətlər və təşkilatları əhatə edən ekosistemləri inteqrasiya etməklə kapital bazarları vasitəsilə iştirak səviyyəsini artırmaqdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, kapital bazarlarının birləşdirilməsi təkcə səhm kapitallaşması üçün deyil, həm də səmərəliliyin və əlçatanlığın artırılması məqsədilə bazarlar arasında sistemlərin inteqrasiyası baxımından vacibdir.
“Daxili və beynəlxalq bazarları birləşdirərək və paylanmış maliyyə sistemlərindən istifadə etməklə maliyyələşdirmə axtaran şirkətləri daha yaxşı dəstəkləyə və investorlar üçün praktik həllər təqdim edə bilərik”, – deyə Ruslan Xəlilov qeyd edib.
O, həmçinin Qazaxıstan və Özbəkistan kimi Asiya bazarlarının təcrübəsinə toxunaraq bildirib ki, bu ölkələrdə ekosistem inteqrasiyası və yüksək tezlikli ticarət sistemləri də daxil olmaqla texnoloji həllərin erkən tətbiqi kapital bazarlarının effektiv şəkildə əlaqələndirilməsinə kömək edib. Onun sözlərinə görə, oxşar yanaşmalar ABŞ ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda da tətbiq oluna bilər.
“Ticarət sistemlərinə investisiya qoymaq ilk addımdır. Bazarı inkişaf etdirməli, iştirakçıları cəlb etməli və texnoloji infrastrukturu təmin etməliyik. Bu həm çətinlik, həm də maliyyələşdirmə mənbələrini şaxələndirmək və kapital bazarlarında likvidliyi artırmaq üçün bir fürsətdir”, – deyə o vurğulayıb.
Ruslan Xəlilov əlavə edib ki, Azərbaycan ilə ABŞ arasında qarşıdan gələn strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq şaxələndirilmiş maliyyələşdirmənin təşviqi, bazarlar arasında əlaqələrin gücləndirilməsi və regionda davamlı iqtisadi artımın dəstəklənməsi üçün qabaqcıl texnoloji həllərin inteqrasiyasını hədəfləyir.
