Bakı. Trend:
Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarət prosesləri çərçivəsində 2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası” təsdiq edilib.
Trend bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Bildirilib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq və Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər Mərkəzi Bank tərəfindən uğurla icra edilib. Belə ki, Strategiyanın ötən iki ili ərzində “Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf) təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub.
Nəticədə, ötən ilin dekabr ayında “Azərbaycan Respublikası Mərkəzi Bankının banklara risk əsaslı nəzarət üzrə Təlimatı” təsdiq edilib. Sözügedən Təlimatdan irəli gələrək Mərkəzi Bank tərəfindən 2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası” təsdiq edilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:
Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsi;
Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarə
edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;
Bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi;
Banklarda risk idarəetmə çərçivəsinin modernizasiyası;
Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı
hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.
Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün “Bank Nəzarəti Strategiyası”nda Mərkəzi Bankın tənzimləyici çərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:
Banklarda risklərin idarə edilməsi və stress-testləşdirmə
çərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrin
modernizasiyası;
Mərkəzi Bank tərəfindən 2024-cü ildə təsdiq edilmiş “Banklarda
korporativ idarəetmə Standartlarına dair Tövsiyələr”in bir
hissəsinin tənzimləyici çərçivəyə daxil edilməsi;
Basel III standartları ilə uyğunluğun artırılması istiqamətində
banklara münasibətdə Daxili Kapital Adekvatlığının
Qiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili Likvidlik
Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərin
tətbiqi;
İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinə
inteqrasiyası.
Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarətin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verir.
