Bakı. Trend:
Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının həm 2026, həm də 2027-ci illərdə orta hesabla günə 540 min barreldən çox olacağı gözlənilir.
Trend xəbər verir ki, ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) 2026-cı ilin mart ayı üzrə qısamüddətli enerji proqnozunda bildirilir.
Proqnoza əsasən, bu göstərici 2025-ci ildə qeydə alınmış günə 570 min barreldən çox olan qiymətləndirilmiş səviyyə ilə müqayisədə azalıb.
EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla gündəlik 550 min barreldən çox olacaq, ikinci rübdə gündəlik 540 min barreldən çox səviyyəyədək azalacaq, üçüncü və dördüncü rüblərdə isə gündəlik 530 min barreldən çox təşkil edəcək.
Oxşar dinamikanın 2027-ci ildə də davam edəcəyi proqnozlaşdırılır: birinci rübdə hasilatın gündəlik 550 min barreldən çox olacağı, ikinci rübdə gündəlik 540 min barreldən çox səviyyəyədək azalacağı, üçüncü və dördüncü rüblərdə isə gündəlik 530 min barreldən çox olacağı gözlənilir.
Bu arada, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarının, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.
Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac edilib. Bu həcmin 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.
