Bakı. Trend:
İranın yeni Ali Lideri Seyid Müctəba Xamenei sağdır və onun hər hansı problemi yoxdur.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkianın oğlu və müşaviri Yusif Pezeşkian sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ötən gün Ali Lider Müctəba Xameneinin yaralanması haqda xəbəri eşidəndən sonra əlaqədə olan dostlarından bu haqda məlumat alıb.
Qeyd edək ki, ötən gün İranın Ali Lideri Müctəba Xameneinin ağır yaralığı olduğu haqda xarici KİV-də məlumat yayılıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
