Bakı. Trend:
Yaxın Şərqdə ABŞ, İsrail, İran arasında münaqişənin davam etməsinə baxmayaraq, FİFA İran milli komandasının təxminən üç aydan sonra Amerikada keçiriləcək Dünya Çempionatında iştirak etməsinə icazə veriləcəyini gözləyir.
Trend xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino danışıb.
FIFA prezidenti bildirib ki, o, ötən gecə ABŞ prezidenti Donald Trampla görüşərək turnirə hazırlıq prosesinin vəziyyətini müzakirə edib və İran komandasının ABŞ-a gəlməsinə icazə veriləcəyinə dair təminat alıb.
“Biz həmçinin İrandakı mövcud vəziyyət və İran millisinin 2026-cı il FIFA Dünya Çempionatında iştirak hüququ qazanması barədə də danışdıq. Müzakirələr zamanı prezident Tramp bir daha vurğuladı ki, İran komandası, əlbəttə, ABŞ-da keçiriləcək turnirdə iştirak edə bilər”, - deyə İnfantino bildirib.
Qeyd edək ki, İran iyunun 15-də Kaliforniya ştatının İnqlvud şəhərində Yeni Zelandiya ilə, iyunun 21-də Belçika ilə oynayacaq. Komanda qrup mərhələsində son oyununu isə iyunun 26-da Sietldə Misirə qarşı keçirəcək. ABŞ turnirə Kanada və Meksika ilə birlikdə iyunun 11-dən iyulun 19-dək ev sahibliyi edəcək.
İran rəsmiləri son vaxtlar bildiriblər ki, müharibə səbəbindən ölkənin turnirdə iştirakı müəyyən şübhə altına düşə bilər.
