Bakı. Trend:
Hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır. İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Millət vəkili bildirib ki, sektoral say baxımdan ikinci ən çox işçi qüvvəsinin çalışdığı ticarət, nəqliyyat vasitələrinin təmiri ilə cəmi 715 min vətəndaş məşğuldur:
“Məşğul əhalinin 35,4 faizinin kənd təsərrüfatında çalışmasına baxmayaraq, bu sektorun ÜDM-də payı cəmi 5,9 faizdir. 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici cəmi 4 273 manatdır”.
