Bakı. Trend:
Yaxın Şərqdə 28 fevral tarixində başlayan hərbi əməliyyatlardan sonra Brent markalı neftin spot bazar qiyməti 27 fevral tarixinə olan orta hesabla bir barel üçün 71 dollardan 9 mart tarixinə bir barel üçün 104 dollara qədər yüksəlib.
Trend bu barədə ABŞ-nin Enerji İnformasiya İdarəsinə (EIA) istinadən xəbər verir.
"9 mart tarixinə neft infrastrukturuna fiziki zərər məhdud olsa da, Hörmüz boğazı faktiki olaraq əksər gəmilər üçün bağlanmış vəziyyətdədir. Münaqişənin neft tədarükünə təsiri ilə bağlı yüksək qeyri-müəyyənlik neft qiymətlərində əhəmiyyətli risk mükafatının yaranmasına səbəb olub, belə ki, bazar iştirakçıları tədarüklərdə yaranan real fasiələləri və onların davam etmə ehtimalını qiymətləndirməkdədirlər",- məlumatda vurğulanır.
Qeyd olunur ki, neft qiymətlərinin daha da artması üçün əsas risk dünyanın əsas neft nəqli qovşaqlarından biri olan və qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının uzun müddət bağlı qalması ilə bağlıdır:
"Boğaz fiziki olaraq bloklanmasa da, İran tərəfindən mümkün hücum təhlükəsi və sığorta təminatının ləğv edilməsi səbəbindən tankerlərin əksəriyyəti bu marşrutdan keçməkdən çəkinir. Nəticədə regionda neft hasilatının bir hissəsi müvəqqəti olaraq dayandırılıb. Gəmi ilə yükdaşıma həcminin azalması davam edərsə, dar nəqliyyat dəhlizinin bu tərəfində yerləşən neft anbarları sürətlə dolacaq və bu da istehsalçıları hasilatı daha da azaltmağa məcbur edəcək. Bu isə öz növbəsində neft qiymətlərinin artımına əlavə dəstək verəcək".
Hesabatda bildirilir ki, modelləşdirmə sürətlə dəyişən və qeyri-müəyyən olaraq qalan vəziyyətlə bağlı bir sıra fərziyyələrə əsaslanır.
Vurğulanır ki, bu təhlildə dayandırılmış neft hasilatının pik səviyyəsinin aprelin əvvəlində əsasən Iraqda, daha az həcmdə isə Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında baş verəcəyi ehtimal edilir.
Analitiklər həmçinin hesab edirlər ki, Hörmüz boğazı vasitəsilə tranzitin bərpası ilə dayandırılmış hasilat həcmləri tədricən azalacaq.
Gözlənilir ki, qısamüddətli tədarük fasilələri, bununla bağlı hasilatın dayandırılması və davam edən risk mükafatı 2026-cı ilin ikinci rübündə Brent neftinin qiymətini orta hesabla bir barel üçün 91 dollar səviyyəsində saxlayacaq.
"Hörmüz boğazı vasitəsilə neft axınları bərpa olunduqdan sonra qlobal neft hasilatının bütün proqnoz dövrü ərzində istehlakı üstələməyə davam edəcəyi gözlənilir. Nəticədə dünya üzrə neft ehtiyatları 2026-cı ildə orta hesabla gübı 1,9 milyon barel, 2027-ci ildə isə günə 3,0 milyon barel artacaq", - hesabatda qeyd edilir.
